Rusiya Ukraynada soyqırım törətməkdə ittiham olunacaq
ABŞ Konqresinin Nümayəndələr Palatasına Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım aktı kimi tanıyan qətnamə layihəsi təqdim edilib.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova “Facebook” sosial şəbəkəsində məlumat paylaşıb.
Onun sözlərinə görə qətnamə layihəsini ABŞ Konqresinin Nümayəndələr Palatasının ikipartyiyalı üzvlərindən ibarət qrup təqdim edib.
“Bu mühüm qətnaməni təqdim etdiyiniz üçün konqresmenlərə təşəkkür edirik! Rusiya cinayətkarlarının cəzalandırılmasını təmin etmək və gələcəkdə belə dəhşətli cinayətlərin qarşısını almaq üçün Rusiya Federasiyasının bütün cinayətləri Amerika qanunvericiliyində öz əksini tapmalıdır”, - deyə ukraynalı səfir vurğulayıb.
Qeyd edək ki, Bu, ABŞ Konqresinin yeni tərkibinə təqdim olunan ilk qanunvericilik aktıdır. Onun Ukrayna ilə əlaqədar olması ABŞ-nin bu yöndə siyasətinin dəyişmədiyini əks etdirir.
Qətnamə layihəsinin preambulasında deyilir ki, Rusiya qoşunlarının Ukraynada törətdiyi vəhşiliklər, o cümlədən uşaqlar da daxil olmaqla, yüz minlərlə ukraynalının Rusiya Federasiyasına və işğal olunmuş ərazilərə zorakılıqla aparılması BMT-nin soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında II Konvensiyasının maddəsində göstərilən meyarlara cavab verir.
Sənədin yekun hissəsində Rusiya Federasiyası soyqırım aktları törətdiyinə görə pislənilir. Burada ABŞ-nin NATO və Avropa İttifaqı müttəfiqləri ilə əməkdaşlıq çərçivəsində Ukrayna xalqına qarşı növbəti rus soyqırımı aktlarının qarşısını almaq üçün Ukrayna hökumətini dəstəkləmək üçün tədbirlər görməyə çağırış yer alıb.
Sənəddə həmçinin Rusiya siyasi liderlərinin və hərbi qulluqçularının məsuliyyətə cəlb edilməsi üçün tribunallar və beynəlxalq cinayət araşdırmaları dəstəklənir.
Xatirə SADİQ