Trampın “sərhəd çarı” FTB agentindən 50 min dollar rüşvət alıb? 

Donald Trampın kütləvi deportasiya kampaniyasına rəhbərlik edən ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinin keçmiş direktoru Tom Qoman 2024-cü ildə FTB-nin gizli agentindən içərisində 50 min dollar nağd pul olan çantanı qəbul edib.

Sep 22, 2025 - 13:14
Trampın “sərhəd çarı” FTB agentindən 50 min dollar rüşvət alıb? 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

“Reuters”in məlumatına görə, Tramp komandasına qoşulan Qoman pul müqabilində hökumət müqavilələri vəd edib. Gizli əməliyyat çərçivəsində 50 min ABŞ dolları məbləğində rüşvətin ötürülməsi anı videoya çəkilib.

Mənbələrin bildirdiyinə görə, Qoman rüşvəti alarkən bildirib ki, pulu Tramp administrasiyasındakı xidmətinin sonuna qədər etimad fondunda saxlayacaq.

“Bir mənbə onu da əlavə edib ki, fevral ayında o zaman baş prokurorun müavini vəzifəsini icra edən Emil Bov bu məsələ ilə bağlı məlumatlandırılıb. Həmin müzakirə zamanı o, istintaqdan narazılığını bildirib və bunu “dərin dövlət əməliyyatı”na nümunə adlandırıb. O, bununla məmurların hökumətə məxfi nəzarət etdiyini nəzərdə tutub”. 

Qomana qarşı istintaq 2024-cü ilin avqustunda, Co Baydenin prezidentliyinin sonunda başlayıb və milli təhlükəsizlik işindən ayrıca yaranıb. Bu iş üzrə başqa fiqurant Qomanın adını dəfələrlə xatırladıb. Həmin fiqurant iddia edib ki, o, gələcək müqavilələr vədləri müqabilində rüşvət alır.

“Reuters”in mənbələrindən birinin sözlərinə görə, Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kəş Patel 2025-ci ilin yayında bu işin bağlanmasını əmr edib.

“Bu iş əvvəlki administrasiya dövründə yaranıb, FTB agentləri və Ədliyyə Nazirliyinin prokurorları tərəfindən tam şəkildə nəzərdən keçirilib. Onlar cinayət pozuntusuna dair heç bir inandırıcı sübut tapmayıblar”, - Patel və baş prokurorun müavini Todd Blanşın birgə bəyanatında deyilir.

Ağ Evin mətbuat katibinin müavini Əbiqeyl Cekson deyib ki, Qoman “prezident Trampın və ölkəin rifahı naminə fenomenal iş görən, çoxillik təcrübəsi olan peşəkar hüquq-mühafizəçi və dövlət qulluqçusudur”.

Agentlik xatırladıb ki, Qomanın işi üzrə araşdırma başlayanda Texasın Qərb dairəsindəki böyük münsiflər heyəti yenicə müzakirələri aparırdı. Tramp Ağ Evə qayıtdıqdan sonra proses faktiki olaraq dayandı.

Ardınca federal hakim olan Bouv qısa müddət sonra digər korrupsiya işlərinin, o cümlədən Nyu-York şəhərinin meri Erik Adamsın işinin də bağlanmasını əmr etdi və bu, bir neçə prokurorun istefasına səbəb oldu. Ədliyyə Nazirliyi həmçinin Qoman işi də daxil olmaqla korrupsiya işlərini araşdıran bölməni ixtisara saldı.

Xatirə SADİQ