Son söz
Ötən gecə ağır xəbər gəldi. Azərbaycanın ən məhsuldar jurnalisti kimi tanınan, lakin bəzi həmkarları tərəfindən ən istedadlı yazar olduğu üçün rədd edilən Aydın Sadiq 102 yaşında qəflətən dünyasını dəyişib.
A.Sadiqi yaxşı tanıyanlar gözəl bilirlər ki, o, jurnalistikada dərin iz qoyub. Çünki ən geniş mövzularda təhlili məqalələr, orijinal xəbərlər, hekayələr, müdrik ifadələr, güldürən və düşündürən lətifələr – daha nələr, nələr yazırdı.
A.Sadiq səriştəli siyasətşünas, televiziya və kino tənqidçisi idi. Həyatı boyu müxtəlif kolleksiyalar toplamışdı. Onların arasında, öz sözünə görə, ən dəyərsizi – təriflər toplusu idi. “Saat 7.30-da” essesində müəllif onun yazılarının “diqqətlə” izlənildiyi, müxalifətdə olan kiminsə tərəfindən tərifləndiyi barədə etiraf olunduğunu bildirib. Həmin izləyici iqtidara gəldikdən sonra A.Sadiqi unutdu. Nəticə: sevgisi elə vəzifəyə qədərmiş...
BDU-nun professoru öz məqaləsində etiraf edib ki, A.Sadiqin nəzəri məqalələri milli jurnalistikaya töhfədir. Onu tanımayanlara isə ən gözəl təqdimatı bir çox jurnalist nəslinin yetişməsində böyük xidmətləri olmuş Şirməmməd Hüseynov verib. Tədris prosesinin gedişində professor öz tələbələrinə deyirdi ki, “əsl jurnalist olmaq üçün Aydın Sadiqi oxumaq lazımdır”.
Dərin, ciddi və oynaq yaradıcılıq üslubuna malik olan yazar hətta nəzəri məqalədə də düşüncələrini canlı şəkildə ifadə edirdi. Məsələn, aşağıdakı dialoq kimi:
“– Nə işlə məşğulsan?
– Jurnalistika ilə.
– Hansı nəzəri məqalələrin var?
– Heç bir. İqtisadiyyatdan yazıram.
– Elə isə de ki, jurnalistliklə məşğulsan. Jurnalistika – elmdir”.
A.Sadiq əsaslandırılmış surətdə iddia edirdi:
“Jurnalist – yazıçıdır. Kimisi roman yazır, başqası poema, o biri şeir, digəri hekayə, məzəli əhvalat. Jurnalist – məqalə, xəbər, oçerk. Yazır, deməli yazıçıdır, yaradıcı şəxsdir”.
Aydın Sadiq onu tanıyanların, sevənlərin geniş qəlbində, sevməyənlərin acı yaddaşında daim yaşayacaq.
TƏCİLİ: İndicə alınan məlumata görə, Aydın Sadiq bu gün həqiqətən dünyasını dəyişib: o, Azərbaycandan Amerikaya köçüb. Məlum olduğu kimi, prezident D.Tramp emiqrasiyanı asanlaşdıran Yaşıl kartı (“Green card”) Qızıl kartla (“Gold card”) əvəz edib. Aydın Sadiq, yeni qaydaya əsasən, 5 milyon dollar ödəməklə ABŞ vətəndaşlığı alıb. Çətinliklə olsa da, sobadan yenicə çıxmış Amerika vətəndaşı ilə isti-isti əlaqə yaratdıq. Əlbəttə, telefon əlaqəsi. Aramızda belə bir dialoq baş verdi:
“Əziz: – Niyə məhz Amerika?
Sadiq: – Buranı körpəlikdən çox sevmişəm. Dil açanda ilk sözüm “məmərika” olub.
Ə. – Bəs bu qədər vəsaiti haradan əldə etmisiniz?
S. – Bundan ötrü dərc olunduğum dövri nəşrlərə, ilk növbədə “Azərbaycan”, “İmpuls”, “Aydınlıq”, “525-ci qəzet”, “Şərq”, “Эхо” qəzetlərinin səxavətinə minnətdaram. Məhz ürək açıqlığı ilə ödənilən qonorarları yeməyib toplamaqla varlanmışam.
Ə. – Bəs bu illər ərzində nə yemisiniz?
S. – Sosial siyasətin bəhrəsini, məmurların vədlərini”.
Əgər həqiqətən belədirsə – buna isə şübhə yoxdur – 102 yaşınadək bizim də hər birimiz lazımi məbləği toplaya bilərik. Qalır o qədər həyat sürmək. Meydana sual çıxır: həyat sürmək üçün hansı kateqoriya sürücülük vəsiqəsi tələb olunur? Cavab variantları: 1. Düşünən; 2. Çalışqan; 3. İnsan; 4. İnsanabənzər məmur.
Son söz hələ deyilməyib.
A.ƏZİZ