Spikerdən Zelenskinin tənqidinə reaksiya – “Öz hesablarına gediblər”
“Ukraynanın Ali Radasının 37 xalq deputatı Amerika Birləşmiş Ştatlarına dövlət hesabına deyil, öz vəsaitləri hesabına səfər edib”.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ali Radanın spikeri Ruslan Stefançuk deyib.
“Ukraynanın Aİ-yə daxil olması: transformasiya gündəliyinin formalaşdırılması” konfransının kuluarında Stefançuk “Azadlıq Radiosu”na bildirib ki, ölkəsinin qarşısında strateji tərəfdaşları olan ABŞ ilə münasibətləri bərpa etmək kimi çox mühüm vəzifə durur.
“Biz bunu bütün səviyyələrdə, o cümlədən ABŞ Konqresi ilə münasibətlərin bərpası səviyyəsində sistemli şəkildə edirik. Buna görə də böyük bir nümayəndə heyəti, deyəsən 37 nəfər – onların yarısını müxalifət, yarısını isə mono-əksəriyyət təşkil edir – senatorlarla münasibətləri sistemli şəkildə qurmaq üçün buradadır”, - deyə spiker əlavə edib.
Stefançuk əmin edib ki, Ali Radanın işi dayanmır: “Ukrayna parlamenti hər yerdə, həmişə, qrafikə uyğun işləyir. Parlamentin işi plenar zalda düymələri basmaqla məhdudlaşmır. Bu, komitələrdə, müvəqqəti istintaq komissiyalarında və diplomatik səviyyədə işdir”.
Xatırladaq ki, jurnalistlərə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski parlamentariləri tez-tez xaricə səfər etdiklərinə, o cümlədən ABŞ-də Dua qəhvəaltısına getdiklərinə görə tənqid edib.
Xatirə SADİQ