İvanişvilinin oğlu Tokioda lüks mənzil alıb - Yapon mediası

Bidzina İvanişviliyə və ailə üzvlərinə sanksiyaların tətbiqindən bir qədər əvvəl onun böyük oğlu Uta İvanişvili Tokionun mərkəzində 500 milyon iyena (3,5 milyon dollar) mənzil alıb.

Feb 7, 2025 - 16:45
İvanişvilinin oğlu Tokioda lüks mənzil alıb - Yapon mediası

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Yaponiyanın “Weekly Bunshun Online Edition” nəşrinin dərc etdiyi “Putinyönlü diktatorun böyük oğlu Tokioda göründü!” sərlövhəli məqalədə deyilir. 

Məqalədə Bidzina İvanişvili Rusiya ilə əlaqələri dərinləşdirən, Gürcüstanı siyasi böhrana sürükləyən və iqtisadi sanksiyaların hədəfinə çevrilən diktator kimi təqdim olunur. 

Bu məqamda diqqətə çatdırılır ki, lakin, nədənsə, onun böyük oğlu Yaponiyada yaşayır.

Nəşrin məlumatına görə, Uta İvanişvili Yaponiyada dəbdəbəli həyat sürür və ötən il iyunun 27-də 115 kv.m sahəsi olan ev alıb. Nəşr vurğulayıb ki, İvanişvilinin oğlu Tokionun mərkəzində yerləşən elit kompleksdəki mənzili kreditlə almayıb. 

“İvanişvilinin oğlu iyun ayında mənzil alanda, Gürcüstanda iri iğtişaşlar vardı. Bunun ardınca dekabr ayında ABŞ-nin sanksiyaları baş verdi və bu, əməliyyatın sanksiyalardan yayınma sxeminin bir hissəsi olduğuna dair şübhələr doğurdu”, - deyə ekspert yapon nəşrinə bildirib.

“Bunshun” nəşrinə açıqlamasında Uta İvanişvili deyib ki, o, iki il yarımdır  Yaponiyada yaşayır və video-oyun dizayneri işləyir. Eyni zamanda Uta İvanişvili Tokioda mənzili olduğunu nə inkar, nə də təsdiq edib. 

“Bunshun” həmçinin Uta İvanişvilinin Tokiodakı restoranlardan birində Gürcüstanın Yaponiyadakı səfiri Teymuraz Lejava ilə görüşündən yazıb. Onların gürcü dilində danışdıqlarına, sonra Lejavanın İvanişviliyə iri qara çanta verdiyinə diqqət cəlb edilib. 

Səfir Teymuraz Lejava bu məqaləyə istehza ilə reaksiya verib. O, sosial şəbəkədə üzünü örtən “Bunshun” jurnalı ilə çəkdirdiyi fotosunu yerləşdirərək, altında “Mən elə bildim ki, bu, ilk yaz mehidir, amma “Bunshun” gülləsi çıxdı” sözlərini yazıb. 

Xatirə SADİQ