Starmer sammiti təcili tərk etdi

Britaniyanın baş naziri Kir Starmer Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammitini erkən tərk etməli olub. 

Oct 2, 2025 - 15:55
Starmer sammiti təcili tərk etdi

SAVASHMEDİA.az Sky News-a istinadən xəbər verir ki, buna səbəb Mançesterdə sinaqoqun qarşısında insanlara hücum olub. 

“Mən Londona qayıdıram. Çatanda təcili şəkildə toplanacaq “Kobra” iclasına sədrlik edəcəyəm. Artıq deyə bilərəm ki, ölkə boyu sinaqoqlarda əlavə polis qüvvələri yerləşdirilir və biz yəhudi icmamızın təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcəyik”, - deyə Starmer X sosial şəbəkəsində bildirib.

Baş nazir qeyd edib ki, bu hücumdan sarsılıb. O, əlavə edib ki, vəziyyəti “daha dəhşətli edən” insidentin yəhudi təqviminin ən mühüm bayramı olan Yom Kippurda baş verməsidir.

Mançesterdəki Hiton Park sinaqoqunun qarşısında baş verən hücumda 4 nəfər yaralanıb. Hücum edən şəxs polis tərəfindən güllələnib. 

“Manchester Evening News” xəbər verib ki, daha bir nəfər həlak olub. Həmin şəxs təsadüfi yoldan keçən olub. 

Hadisə yeri mühasirəyə alınıb, bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər orada işləyir.

Xatirə SADİQ