Rusiyada rejim dəyişikliyi istəyənlərlə dialoq platforması yaradılır - AŞPA
Avropa Şurası Parlament Assambleyası (AŞPA) qurum ilə “mühacirətdə olan Rusiya demokratik qüvvələri” arasında dialoq platformasının yaradılması barədə qərar qəbul edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə AŞPA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, AŞPA estoniyalı deputat Eerik-Niiles Krossun hesabatına əsaslanan qətnaməni yekdilliklə qəbul edib. Qətnamədə qeyd olunur ki, platformanın iştirakçıları digər məsələlərlə yanaşı, Avropa Şurasının dəyərlərini bölüşən, Ukraynanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyan və Rusiyada “rejim dəyişikliyi” üzərində çalışan “ən yüksək mənəvi keyfiyyətlərə malik şəxslər” olmalıdır.
AŞPA vurğulayıb ki, “totalitar və neoimperialist Rusiya rejiminə qarşı çıxan, demokratiya, insan haqları və qanunun aliliyi uğrunda mübarizə aparan, bəzən öz həyatlarını və azadlıqlarını riskə ataraq Ukraynanı dəstəkləyən Rusiya hüquq müdafiəçilərinin, demokratik qüvvələrin, azad medianın və müstəqil vətəndaş cəmiyyətinin” fədakarlığına hörmətlə yanaşır. Eyni zamanda, vurğulayıb ki, Belarus demokratik qüvvələrindən fərqli olaraq, “Rusiya demokratik qüvvələrinin vahid, yekdil siyasi strukturu yoxdur”.
Buna görə də AŞPA mühacirətdə olan rusiyalı qrupları və təşəbbüsləri vətənlərində demokratik dəyişikliklərə nail olmaq, Rusiya rejiminin cinayətlərini ifşa etmək və ukraynalıları dəstəkləmək üçün birləşməyə çağırıb.
Müəyyən meyarlar əsasında tərkibi müəyyənləşdiriləcək platformanın iştirakçıları ümumi maraq kəsb edən məsələlər üzrə Assambleya ilə ikitərəfli mübadilələr apara, həmçinin sessiyalar zamanı ayrı-ayrı komitələrin iclaslarında iştirak etmək imkanı əldə edəcəklər.
Xatirə SADİQ