Suriya rəhbərinin bu addımı ABŞ-də alqışlandı
“Birləşmiş Ştatlar Suriyadakı muxtar kürd bölgəsinin təsisatlarının milli hökumətin işinə inteqrasiyasına dair razılaşmanı alqışlayır”.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubionun Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatında deyilir.
“Birləşmiş Ştatlar gələcək münaqişələrdən yayınmağın ən yaxşı yolu kimi etibarlı, qeyri-məzhəb idarəçiliyini nümayiş etdirən siyasi keçidi dəstəklədiyini bir daha təsdiqləyir. Biz müvəqqəti hakimiyyət orqanlarının qəbul etdiyi qərarları izləməyə davam edəcəyik”, - deyə Amerika diplomatiyasının rəhbəri vurğulayıb.
Qeyd edək ki, Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraanın rəhbərliyi altında yeni hakimiyyət orqanları vətəndaş müharibəsindən sonra silahlı qrupları buraxmağa və bütün ölkə üzərində hökumət nəzarəti qurmağa çalışır.
Martın 10-da Suriyanın müvəqqəti lideri muxtar kürd administrasiyasını yeni dövlət qurumlarına inteqrasiya etmək məqsədilə son on ildə ölkənin şimal-şərqinin çox hissəsini idarə edən kürd SDQ-nin rəhbəri ilə razılaşdığını elan edib. Bu saziş Suriyanın şərqində SDF tərəfindən idarə olunan sərhəd keçidlərinin, hava limanının, neft və qaz yataqlarının Dəməşq administrasiyasına ötürülməsini nəzərdə tutur.
Xatirə SADİQ