Kanada mallarına rüsumlar 35%-ə qaldırıldı – Trampın qərarı 

ABŞ prezidenti Donald Tramp iyulun 31-də ABŞ-Meksika-Kanada ticarət sazişinin əhatə etmədiyi bütün məhsullar üçün Kanada mallarına tarifləri 25%-dən 35%-ə qaldıran sərəncam imzalayıb.

Aug 1, 2025 - 14:20
Kanada mallarına rüsumlar 35%-ə qaldırıldı – Trampın qərarı 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yerləşdirilib. 
 
Vaşinqton bu addımı qismən Kanadanın fentanil qaçaqmalçılığını dayandıra bilməməsi ilə əlaqələndirib.

Bu gün səhər Kanadanın baş naziri Mark Karni Trampın qərarından məyus olduğunu bildirib.

“Kanada hökuməti bu addımdan məyus olsa da, biz ticarət həcminə görə dünyada ikinci ən böyük azad ticarət sazişi olan CUSMA-ya (Kanada-Amerika Birləşmiş Ştatları-Meksika Sazişi - red.) sadiq qalırıq”, - deyə Kanadanın baş naziri vurğulayıb. 

Karni qeyd edib ki, ABŞ tarifləri və rüsumları taxta, polad, alüminium və avtomobillərə güclü təsir göstərəcək. O, vəd edib ki, iş yerlərini qorumaq, Kanada mallarını almaq, sənaye rəqabət qabiliyyətinə investisiya qoymaq və ixrac bazarlarını şaxələndirmək üçün tədbirlər görüləcək.

Baş nazir diqqətə çatdırıb ki, ABŞ son ticarət tədbirlərini fentanilin transsərhəd dövriyyəsi ilə əsaslandırır, halbuki, “Kanadadan Birləşmiş Ştatlara fentanilin idxalı cəmi 1% təşkil edir və ölkəsi bu həcmlərin daha da azaldılması üçün intensiv işləyir”.

“Kanada hökuməti narkotik alverçilərini həbs etmək, transmilli qruplaşmaları məhv etmək və miqrantların qaçaqmalçılığını dayandırmaq üçün sərhəd təhlükəsizliyinə tarixi sərmayələr qoyur”, - deyə Karni əlavə edib.

O, bildirib ki, ölkəsi ABŞ ilə ticarət əlaqələri üzrə danışıqları davam etdirsə də,  hökumət diqqətini nəzarət edilə biləcək güclü Kanada qurmaq üzərində cəmləyib.

“Federal hökumət, əyalətlər və ərazilər vahid Kanada iqtisadiyyatını qurmaq üçün ticarət maneələrini aradan qaldırmaq üçün birlikdə işləyirlər”, - deyə Karni vurğulayıb. 

Tramp keçən həftə Kanada ilə ticarət danışıqlarının onun administrasiyası üçün prioritet olmadığını və razılığa gəlmək əvəzinə, sadəcə olaraq mövcud idxal tariflərini qüvvədə saxlamağa qərar verə biləcəyini söylədi.

O, iyulun 31-də isə bəyan etdi ki, Kanadanın Fələstini dövlət kimi tanımaq istəyi yeni ticarət şərtləri ilə bağlı Kanada-Amerika danışıqlarını çətinləşdirəcək.

Xatirə SADİQ