Telegram-ın qurucusu pulsuz internetin qorunmasına çağırdı
Telegram-ın qurucusu, rusiyalı milyarder Pavel Durov abunəçilərini internet şəbəkəsində məlumat azadlığını qorumağa çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, onun müraciəti Telegram səhifəsində dərc olunub.
10 oktyabr tarixinin doğum günü olduğuna işarə edən Durov yazıb ki, bayram etmək əhval-ruhiyyəsində deyil. “Atalarımızın bizim üçün yaratdığı pulsuz interneti xilas etmək üçün bizim nəslin getdikcə daha az vaxtı qalır. Nə vaxtsa sərbəst məlumat mübadiləsini vəd edən şey tam nəzarət alətinə çevrilir. Biz yatarkən qaranlıq, antiutopik dünya sürətlə yaxınlaşır. Bizim nəsil azadlıqlara sahib olan sonuncu nəsil kimi tarixə düşmək və onların əlindən alınmasına icazə vermək kimi risk edir”, - deyə Durov yazıb.
O, internetdə senzuranın artmasına missal olaraq Böyük Britaniya, Almaniya və Fransanı göstərib. Telegram-ın qurucusu Fransanı “azadlığı və şəxsi həyatın toxunulmazlığını müdafiə edən texnologiya sənayesi liderlərini” təqib etməkdə ittiham edib. Xatırladaq ki, məhz Fransada Durovun barəsində cinayət araşdırması aparılır.
“Mənim vaxtım bitir. Bizim vaxtımız tükənir”, - deyə milyarder yekunlaşdırıb.
Amma rusiyalı iş adamı abunəçilərindən tam olaraq nə gözlədiyinə aydınlıq gətirməyib.
“Freedom House”un ötən ilin noyabrında dərc etdiyi hesabata əsasən, internetdə qlobal azadlıq 14 ildir ardıcıl şəkildə azalır. 2024-cü ildə internetdə insan hüquqlarının müdafiəsi 72 ölkədən 27-də zəifləyib.
Xatirə SADİQ