Tiflisdə növbəti etiraz mitinqi başladı - VİDEO
Gürcüstan müxalifətinin elan etdiyi kimi, Tiflisdə ölkə parlamentinin qarşısında etiraz mittinqi başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “News Georcia” portalı məlumat yayıb.
Yüzlərlə insan hökumətin növbəti 4 ildə Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqlara başlamamaq qərarına etiraz etmək üçün toplaşıb.
Mitinqə müxtəlif universitetlərdən olan tələbələr, dövlət qulluqçuları, bir gün əvvəl xüsusi təyinatlıların hərəkəti nəticəsində həmkarları yaralanan jurnalistlər də qatılıb.
Hüquq-mühafizə orqanlarının mitinqə müdaxilə edə biləcəyini nəzərə alan fəallar etirazçıları respirator, gözlük və digər vasitələrlə təmin edirlər.
Artıq parlamentin yaxınlığında polis səfərbər edilib. Qanunverici orqanın xidməti girişlərində kordonlar quraşdırılıb. Rustavelidən olan mərkəzi giriş metal hasarlarla bağlanıb. Vəziyyət sakitdir.
Bu gün Zuqdidi, Kutaisi, Batumi, Qori və Laqodexidə də kifayət qədər irimiqyaslı yürüşlər keçirilir.
Xatırladaq ki, etirazlar cümə axşamı Gürcüstanın baş naziri İrakli Kobaxidze 2028-ci ilə qədər ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanması və Aİ-nin bütün büdcə qrantlarından imtina məsələsinin gündəmdən çıxarıldığını elan etdikdən sonra başlayıb.
Gürcüstanın qərbyönlü prezidenti Salome Zurabişvili baş nazirin dünənki bəyanatını konstitusiya çevrilişi kimi qiymətləndirib. O, özünü Gürcüstanda hökumətin yeganə qanuni nümayəndəsi adlandırıb və vətəndaşları hökumətin qərarına qarşı çıxmağa çağırıb.
Bundan sonra minlərlə insan Tiflisdə və ölkənin digər şəhərlərində kortəbii şəkildə etiraz mitinqlərinə toplaşmağa başlayıb. Gürcüstanın paytaxtında xüsusi təyinatlılar aksiyanı zorakılıqla dağıdıblar. 43 nəfər inzibati qaydada həbs edilib, onlarla vətəndaş, o cümlədən 20-dən çox jurnalist xəsarət alıb.
Bu gün baş nazir ictimaiyyəti onun bəyanatının yanlış təfsir edildiyinə inandırmağa çalışaraq radikal müxalifəti dezinformasiya kampaniyasına başlamaqda ittiham edib.
Xatirə SADİQ