Tixanovskaya Navalnayanın cavabını verdi - “Bizə lazımdır...”
Xaricdə fəaliyyət göstərən Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya rusiyalı müxalifətçi Yuliya Navalnayanın Avropa İttifaqının (Aİ) Azad Avropa/Azadlıq Radiosu media korporasiyasını dəstəkləməməsi çağırışına münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Tixanovskaya DW-yə müsahibəsində danışıb.
Onun sözlərinə görə AzadlıqRadiosu Rusiya müxalifəti üçün önəmli olmaya bilər. “Amma Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan üçün vacibdir və biz bu və digər mediaya dəstək yollarını axtardığına görə Aİ-yə minnətdarıq”, - deyə Tixanovskaya bildirib.
O, rusiyalı müxalifətçiləri “cəsur insanlar” adlandırsa da, rus və belarus müxalifətçilərinin fikirlərinin bəzən fərqli olduğuna diqqəti cəlb edib.
“Bizim üçün ən önəmlisi odur ki, Rusiya müxalifəti Rusiyanın öz imperiya komplekslərindən qurtulması ideyasını irəli sürsünlər. Bəlkə də hələ də “özününkü” hesab etdiyi postsovet ölkələri Rusiyanın bu təzyiqini hiss etməsinlər. Biz müstəqillik uğrunda, o cümlədən Rusiyadan da müstəqil olmaq üçün mübarizə aparırıq”, - deyə Tixanovskaya vurğulayıb.
O, həmçinin bildirib ki, Belarus müxalifəti Ukraynanı tam dəstəkləyir və onun Rusiya ilə müharibədə qalib gəlməsini istəyir, çünki Belarusun taleyi də bundan asılıdır.
Qeyd edək ki, iyunun 5-də Avropa Parlamentində çıxış edərkən Yuliya Navalnaya avropalı siyasətçiləri AzadlıqRadiosuna deyil, mühacirətdə fəaliyyət göstərən Rusiya KİV-lərinə dəstək üçün pul ayırmağa çağırıb.
Xatırladaq ki, AzadlıqRadiosunun ABŞ Qlobal Media Agentliyi (USAGM) ilə hüquqi mübarizəsi martın 14-dən – Donald Trampın USAGM-də və nəzarət etdiyi media orqanlarında, o cümlədən AzadlıqRadiosu, “Amerikanın Səsi” radiosunda ixtisarların aparılmasını tələb edən sərəncam imzaladığı vaxtdan bəri davam edir.
Xatirə SADİQ