“Tramp 24 saat ərzində bunu edə bilnməz” – Çexiya prezidenti

“Donald Trampın Ukraynadakı münaqişəni cəmi 24 saat ərzində bitirəcəyi qeyri-mümkündür”.

Nov 9, 2024 - 16:31
“Tramp 24 saat ərzində bunu edə bilnməz” – Çexiya prezidenti

SAVASHMEDİA.az xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel ölkəsində keçirilən Praqa Müdafiə Sammiti konfransında deyib.

“İnanıram ki, Donald Tramp 24 saat ərzində Ukraynadakı münaqişəni həll edə bilməyəcək. Bu, sadəcə olaraq mümkün deyil. Bununla belə, düşünürəm ki, o, davanı tez bir zamanda dayandırmaq və Vladimir Putinlə razılığa gəlmək üçün səy göstərəcək”, - deyə çex prezidenti bildirib.

Qeyd edək ki, Donald Tramp seçkiqabağı çıxışında Ukraynadakı münaqişəni cəmi 24 saat ərzində bitirəcəyinə söz verib.

Xatırladaq ki, Donald Tramp 2020-ci ilin payızında Nyu Hempşirdəki seçicilər qarşısındakı çıxışı zamanı Ermənistan və Azərbaycan arasındakı münaqişəni “asan məsələ” adlandırmışdı. 

“Bunu həll edərik. Mən buna “asan məsələ” deyirəm. Bunu həll edərik. Gedin və xalqınıza deyin. Niyə də yox? Nə edəcəyini bilirsənsə, bu, asan məsələdir”, - deyə Tramp vurğulamışdı.

Halbuki Tramp 4 illik birinci prezidentliyi dövründə Qarabağ münaqişəsi ilə bağlı əməli addım atmamışdı. 

Yalnız Azərbaycanın dövlətinin və xalqının əzmi nəticəsində İkinci Qarabağ Müharibəsi parlaq hərbi qələbə ilə nəticələndi və bu, Donald Tramp administrasiyasının son günlərinə təsadüf etdi.

Ötən il isə Azərbaycan bir neçə saatlıq hərbi əməliyyatı nəticəsində ölkəmizin suverenliyini, ərazi bütövlüyünü tam bərpa etməklə Qarabağ münaqişəsinə birdəfəlik son qoydu. 

Qarabağ münaqişəsi başa çatdıqdan sonra isə builki seçkiqabağı kampaniyanın son günlərində Tramp, nədənsə, erməni-azərbaycanlı münaqişəsini xatırladı. O, öz sosial media platformasında vitse-prezident Kamala Harrisi Qarabağın erməni əhalisindən boşaldılması ilə bağlı əməli addım atmamaqda günahlandırdı.

“120 000 xristian erməni dəhşətli şəkildə təqib olunaraq zorla Artsaxdan çıxarıldığı halda Kamala Harris HEÇ NƏ etmədi”, - deyə Tramp yazıb.

O, prezident seçiləcəyi təqdirdə “zorakılıqlara və etnik təmizləməyə” son qoymaq yönümündə işləyəcəyini, Ermənistan və Azərbaycan arasında sülhü bərqərar edəcəyinə söz verib. 

Atalar demişkən, “toydan sonra nağara”.

Xatirə SADİQ