Tramp administrasiyası Avropa ölkələrini şoka saldı

Avropanın 7 ölkəsinin xarici işlər nazirləri və Avropa Komissiyasının rəhbəri Parisdə ukraynalı həmkarları ilə görüşüblər.

Feb 13, 2025 - 13:09
Tramp administrasiyası Avropa ölkələrini şoka saldı

SAVASHMEDİA.az bu barədə “Amerikanın səsi”nə istinadən xəbəbr verir. 

Yeddi ölkə (Fransa, Böyük Britaniya, Almaniya, Polşa, İtaliya, İspaniya) və Avropa Komissiyasının birgə bəyanatında deyilib ki, onlar Ukraynanın taleyi ilə bağlı istənilən gələcək danışıqların bir hissəsi olmalıdırlar.

“Bizim ümumi məqsədlərimiz Ukraynanı güclü mövqeyə gətirmək olmalıdır. Ukrayna və Avropa istənilən danışıqların bir hissəsi olmalıdır. Ukrayna güclü təhlükəsizlik təminatları ilə təmin edilməlidir. Ukraynada ədalətli və dayanıqlı sülh möhkəm transatlantik təhlükəsizliyin zəruri şərtidir”, - deyə bəyanatda bildirilib.

Qeyd edilib ki, Avropa dövlətləri amerikalı müttəfiqləri ilə gələcək addımları müzakirə etməyi səbirsizliklə gözləyir.

Görüşdə həm də Münhendə təhlükəsizlik konfransında ABŞ administrasiyası ilə danışıqlara necə yanaşılacağının müzakirə olunması nəzərdə tutulurdu. 

Lakin Pentaqon rəhbəri Pit Heqsetin Tramp administrasiyası adından Ukrayna-Rusiya müharibəsinə ABŞ-nin yanaşması ilə bağlı sərt açıqlamalarından sonra Münhen Təhlükəsizlik Konfransının işi şübhə altına alındı. Heqset bildirib ki, Ukraynanın 2014-cü il sərhədlərinə qaytarılması real deyil və ABŞ Kiyevin NATO-ya üzvlüyünü sülh yolu ilə həll yolu kimi görmür.

Heqsetin açıqlamasından sonra Donald Tramp və Vladimir Putin arasında telefon danışığı olub. Tramp bundan sonra komandalarının dərhal danışıqlara başlamağa razılaşdığını bəyan edib.

Diplomatlar bildiriblər ki, Avropa ölkələri əvvəlcədən telefon danışığından xəbərdar olmayıblar və Heqsetin mövqeyinin dümdüz olmasından təəccübləniblər.

Sülh danışıqlarında Avropa ölkələrinin iştirak edib-etməyəcəyi ilə bağlı suala Ağ Evin mətbuat katibi Kerolayn Levitt belə cavab verib: “Hazırda danışıqlarda iştirak edən heç bir Avropa ölkəsi haqqında sizə oxuya biləcəyim məlumatım yoxdur”. 

Xatirə SADİQ