“Tramp Ağ Evdə olanda biz onunla eyni dildə danışacağıq” – Zelenski
“ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Ukraynanın təslim olmaq və müharibəni dondurmaq istəməməsindən xəbərdardır”.
SAVASHMEDİA.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Le Parisien” oxucuları ilə onlayn ünsiyyət zamanı deyib.
“Tramp mənim Ukraynanın zərərinə ola biləcək məsələdə heç bir yerə tələsməmək istəyimi bilir. Ölkə çoxdan öz suverenliyi uğrunda mübarizə aparır. Neçə prezident və ya baş nazir müharibənin bitdiyini elan etmək istəsə də, biz sadəcə olaraq öz müstəqilliyimizi əldən vermək fikrində deyilik. Biz müharibəni donduracağıq və ruslarla razılaşacağıq demək təhlükə olardı”, - deyə Zelenski Parisdə Trampla görüşünün yekunlarından danışarkən vurğulayıb.
Zelenskinin sözlərinə görə, Tramp müharibəni həll etmək üçün cəld hərəkət etməyə can atır, lakin onun hələlik bütün lazımi məlumatlara çıxışı yoxdur.
“Hazirda o, Ağ Evdə deyil və bütün məlumatları – kəşfiyyat, Müdafiə Nazirliyi, müəyyən diplomatik kanallar və sairi əldə edə bilmir. O, orada olarkən biz eyni dildə, eyni məlumat səviyyəsinda danışa biləcəyik”, - deyə Ukraynanın dövlət başçısı əlavə edib.
Zelenskinin fikrincə, Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-də dəyişikliklərin Ukraynanın xeyrinə olması vacibdir.
“Biz ABŞ-dən Ukraynaya daha güclü dəstək görmək istərdik. Komandalarımız artıq prezident Trampın komandaları ilə işləyir. Yeni administrasiya ilə əlaqələr quracağıq, bu bizim prioritetimiz olacaq. ABŞ bu müharibədə bizim aparıcı donorumuz olub və qalmaqdadır, hərçənd vurğulamaq istəyirəm ki, Ukrayna üçün həm Avropa, həm də ABŞ vacibdir. Biz heç kimi digərindən üstün tutmuruq”.
Xatirə SADİQ