“Ukraynaya nüvə silahı verilməsi real deyil” – Marko Rubio

Ukrayna prezidenti Volodimir Zelenskinin NATO-ya qəbul edilməkdən imtina ediləcəyi təqdirdə ölkəsinə nüvə silahının verilməsi tələbi real deyil.

Feb 26, 2025 - 14:18
“Ukraynaya nüvə silahı verilməsi real deyil” – Marko Rubio

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalist Metyu Çoyla müsahibəsində deyib. 

“Düşünmürəm ki, bu, onlar tərəfindən ciddi təklifdir. Bundan başqa, mən hesab etmirəm ki, nüvə silahının əldə edilməsi problemin həll yoludur”, - deyə Rubio vurğulayıb. 

Dövlət katibi həmçinin əlavə edib ki, nüvə silahına malik ölkələrin sayını artırmaq yox, azaltmaq lazımdır.

Bundan əvvəl prezident Zelenski mühakimə yürütmüşdü ki, Ukraynanın NATO-ya daxil olması prosesi uzanarsa, tərəfdaşlar ölkəyə nüvə silahı versinlər. 

Sonra ABŞ-nin müdafiə naziri Pit Heqset nüvə silahının Ukraynaya veriləcəyi variantını istisna etməmişdi. 

Qeyd edək ki, 5 dekabr 1994-cü il tarixində Macarısan paytaxtında imzalanmış Təhlükəsizlik Təminatları üzrə Burapeşt Memorandumuna əsasən Belarus, Qazaxıstan və Ukrayna nüvə silahlarından imtina etdilər. Bu memorandum onu imzalayan Rusiya, ABŞ və Böyük Britaniyaya həmin ölkələrə qarşı təhdid və ya hərbi güc və ya iqtisadi zorakılıq tətbiq etməyi yasaqlayırdı. Lakin Rusiya 2014-cü ildə Ukraynanın Krım və Donbas bölgələrini ilhaq etməklə Budapeşt memorandumunu pozdu. 

Buna cavab olaraq, ABŞ və Böyük Britaniya Ukraynaya maliyyə və hərbi yardım göstərdi, Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etdi. Eyni zamanda Rusiya ilə birbaşa qarşıdurmadan yayınmaq üçün hər hansı birbaşa müdaxiləni istisna etdi. Bundan sui-istifadə edən Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı. Artıq 3 ildir ki, Ukrayna torpaqlarının 20 faizinin qəsb olunması ilə nəticələnən bu qəddar müharibə davam edir.  

Xatirə SADİQ