Tramp bölgəyə 4200 dəniz piyadası göndərdi - İranla gərginlik pik həddə
“ABŞ Yaxın Şərqdə hərbi qüvvələrini ciddi şəkildə artırır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Washington Post” nəşri yazıb.
Nəşr ABŞ rəsmilərinə istinadən bildirib ki, yeni qəbul edilən qərara əsasən, minlərlə əlavə hərbçi bölgəyə yerləşdiriləcək və bölgədə dəniz qüvvələri gücləndiriləcək.
Nəşr mənbəsinə istinadla bölgəyə göndəriləcək hərbi kontingentin sayını da qeyd edib.
Göndərilən qüvvələr arasında “USS George H.W. Bush” təyyarədaşıyan gəmisində yerləşdirilən təxminən 6 min heyət üzvü və onu müşayiət edən gəmilər var. Eyni zamanda, təxminən 4 200 dəniz piyadası və 11-ci dəniz bölməsi ayın sonuna qədər bölgəyə çatmalıdır. Yeni qüvvələr ABŞ-nin İranla bağlı əməliyyat çərçivəsində artıq fəaliyyət göstərən təxminən 50 000 hərbçisinə əlavə olunacaq.
Rəsmilər qeyd edib ki, bu addımı atmaqda hökumətin məqsədi İran üzərində təzyiqi gücləndirmək və mümkün razılaşmaya nail olmaqdır. Lakin rəsmilər əksi halda müharibənin davam edəcəyini də istisna etməyiblər.
Rəsmilərin verdiyi məlumatı ABŞ Prezidenti Donald Trampın “Fox News”a verdiyi müsahibə də təsdiqləyir. Belə ki, Donald Tramp həmin müsahibədə İranla müharibənin hələ bitmədiyini, lakin buna yaxın olduğunu bildirib:
“Müharibəni hələ bitirməmişik, amma buna yaxınıq. Onlara bu ölkəni yenidən qurmaq üçün 20 il lazım olacaq. ABŞ-nin müdaxiləsi olmasaydı, İran artıq nüvə dövləti olardı”.
Eyni zamanda, ABŞ prezidenti “New York Post”a verdiyi müsahibədə Pakistanın paytaxtı İslamabadda İranla danışıqların bərpasına işarə edib: “Nəsə yaxın iki gün ərzində baş verə bilər və biz ora getməyə daha çox meylliyik”.
Görünür, Donald Tramp bölgədə hərbi qüvvələrini artırmaqla İranı razılaşmaya məcbur edə biləcəyini düşünür. Müharibənin davam edib-etməyəcəyi isə çox güman ki, 2 gün sonra bəlli olacaq.
Banu