Tramp bunu etmək üçün Ukraynaya icazə verib - Kelloq
ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli zərbələrinə icazə verib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Fox news telekanalına müsahibəsində bildirib.
Trampın mövqeyinin Ukraynanın Rusiyaya qarşı uzaq məsafədən zərbələr endirə biləcəyi barədə suala general Kelloq belə cavab verib: “Düşünürəm ki, onun dediklərini, vitse-prezident Vens və dövlət katibi Rubionun dediklərini oxuduqdan sonra cavab bəli, uzaq məsafədən zərbələr endirmək qabiliyyətindən istifadə edin deməkdir”.
O, həmçinin əlavə edib ki, “müqəddəs yer deyilən kimi anlayış yoxdur".
“Ukrayna qüvvələrinin Amerika silahlarından bu şəkildə istifadə etmək icazəsi varmı?” sualının cavabında Kelloq deyib: “Bəzən onlarda belə icazə var, bəzən də yoxdur”.
Onun fikrincə, hər kəs prezidentin əmrlərinə əməl etməlidir. “O, Konstitusiyaya görə Ali Baş Komandandır və hamı ona tabe olmalıdır. Əgər prezident sola gedirsə, sən sola gedirsən. O, sağa get deyirsə, sən sağa gedirsən. Prezident belədir. Ona görə də prezident nəyisə etməyi deyəndə, biz sadəcə bunu etməliyik”, - deyə Kelloq vurğulayıb.
Kelloq xatırladıb ki, Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Trampla görüşü zamanı 2500 km-ə qədər mənzilli “Tomaqavk” raketlərinin Kiyevə verilməsini istəyib. Xüsusi elçinin sözlərinə görə, hələlik bu məsələ ilə bağlı qərar qəbul edilməyib.
Xatirə SADİQ