Tramp “İlin adamı” elan olundu

Amerikanın “Time” jurnalı ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı “İlin adamı” elan edib.

Dec 12, 2024 - 17:12
Tramp “İlin adamı” elan olundu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Time” məlumat yayıb. 

Jurnal yazıb ki, ABŞ prezident seçkilərində Trampın qələbəsini bir çox cəhətdən tarixi adlandırmaq olar. O, ölkə tarixində ən yaşlı prezident və cinayət işində təqsirli bilinən yeganə ABŞ rəhbəri olacaq.

Jurnalın qısa siyahısında 10 namizədin adı olub. Trampdan başqa siyahıda ABŞ vitse-prezidenti Kamala Hərris, amerikalı milyarder İlon Mask, Uels şahzadəsi Keyt Middlton, rusiyalı müxalifətçi Yuliya Navalnaya, İsrailin baş naziri Binyamin Netanyahu, Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauell, amerikalı komik və podcast aparıcısı Co Roqan, Meksika prezidenti Klaudiya Şeynbaum və “Meta”nın təsisçisi Mark Zukerberqin adları olub. 

Bu namizədlərdən Zukerberq (2010), Tramp (2016), Harris (2020; Bayden ilə birlikdə) və Mask (2021) daha əvvəl “İlin adamı” seçilib. 

2022-ci ildə bu titul “Ukrayna ruhu”na və ölkə prezidenti Vladimir Zelenskiyə verilib. 

2023-cü ildə “Time” amerikalı müğənni Teyloq Svifti bu ada layiq görüb. 

Qeyd edək ki, “Time” 1923-cü ildən nəşr olunan Amerika jurnalıdır. Nəşrin bütün platformalardakı ümumi auditoriyası 2023-cü ilin martına 100 milyon nəfəri keçib.

Jurnal 1927-ci ildən bəri dekabr sayında ilin adamını seçir və onun şəklini üz qabığına qoyur. Qərar redaktorlar tərəfindən verilir. 

Xatirə SADİQ