Tramp ilk prezidentlik dövründə Krımın ilhaqını tanımayıb - Zelenski xatırlatdı
Avropa İttifaqı ABŞ prezidentinin sülh planına daxil ediləcəyi təqdirdə işğal olunmuş Krımın Rusiya kimi tanınmasına razı olmayacaq və Ukraynanın NATO-ya daxil olmasına qadağa qoyulmasını dəstəkləməyəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazır.
Məqalədə qeyd edilir ki, Krımın ilhaqının 1945-ci ildən bəri Avropada ərazilərin güc yolu ilə ələ keçirilməsinin ilk halı kimi tanınması ideyası avropalılar üçün qəbuledilməzdir. Avropalı məmurlar ehtiyat edirlər ki, Rusiyanın güzəştləri başqa yerlərdə daha çox təcavüzü təşviq edə və müharibədən sonrakı Avropa təhlükəsizlik nizamını təhdid edə bilər.
Yüksək səviyyəli avropalı məmurlardan birinin sözlərinə görə, Tramp administrasiyasına artıq açıq şəkildə çatdırılıb ki, Avropa paytaxtlarının Krımı Rusiya ərazisi kimi tanıması mümkün deyil. Mənbə əlavə edib ki, Avropanın NATO-dakı böyük gücləri Vaşinqtonu birtərəfli hərəkətlərdən daşındırmalıdır.
Qeyd olunur ki, Krımın statusu NATO üçün böyük diplomatik böhran yarada bilər, çünki alyansın rəsmi mövqeyi Rusiyanın yarımada üzərində nəzarətini heç vaxt tanımamaqdan ibarətdir.
FT-nin məlumatına görə, təklif olunan razılaşma və ABŞ-nin danışıqlardan imtina etməsi – Kiyevi günahlandırması və Moskva ilə münasibətləri normallaşdırmağa başlaması – NATO liderləri arasında münaqişəyə səbəb ola bilər.
Üstəlik, bu cür fikir ayrılıqları Aİ hüdudlarında, xüsusən də Vaşinqtonun məhdudiyyətləri aradan qaldırmağa qərar verəcəyi təqdirdə Rusiyaya qarşı iqtisadi sanksiyaların gələcəyi ilə əlaqədar, yəqin ki, güclənəcək.
Avropalı məmurların bəziləri ehtiyatlanırlar ki, Tramp administrasiyasının birtərəfli saziş layihəsinə dair fikir ayrılıqları London, Berlin və digər paytaxtlarla ikitərəfli əlaqələri təhlükə altına salacaq, transatlantik təhlükəsizliyi və iyunun sonundakı NATO sammitini potensial olaraq pozacaq.
Bu arada Ukrayna prezidenti Volodimir Zelenski “X” platformasında Krımla bağlı bəyanatlarını Donald Trampın tənqid etməsinə cavab verib.
O, xatırladıb ki, məhz Trampın birinci prezidentliyi dönəmində onun administrasiyasının dövlət katibi Mayk Pompeo ABŞ-nin Krımın ilhaqını tanımaması ilə bağlı bəyanatla çıxış edib.
Zelenski bu paylaşımına Krım Bəyannaməsinin skrinşotunu və 2018-ci ildə dövlət katibi Mayk Pompeonun ilk Tramp administrasiyasının Rusiyanın Krımı ilhaqını tanımadığını təsdiqləyən bəyanatını əlavə edib.
Xatirə SADİQ