Tramp qaytarmaq istəmir, Kreml “maraqlı deyilik” deyir

“İndiki məqam Rusiyanı G7 ölkələrinə yenidən qoşulmağa dəvət etmək üçün doğru vaxt deyil”. 

May 7, 2025 - 17:35
Tramp qaytarmaq istəmir, Kreml “maraqlı deyilik” deyir

SAVASHMEDİA.az xəbər verir ki, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib.

“Biz bu fürsəti əldən verdik, elə deyilmi?”, - deyə Tramp vurğulayıb. 

Eyni zamanda o, Rusiyanı G8 ölkələrindən çıxarmaq qərarını “axmaqlıq” adlandırıb. Trampın sözlərinə görə, Moskva G8-də qalsaydı, Ukraynaya hücum etməz və indi onun dayandırmağa çalışdığı “ölümcül müharibə”yə başlamazdı.

Qeyd edək ki, Çin istisna olmaqla, G7 dünyanın yeddi ən böyük iqtisadiyyatını birləşdirir: ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiya. Rusiya bu qeyri-rəsmi kluba 1997-ci ildə qoşularaq onu G8-ə çevirdi. Lakin 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya bu qrupdan çıxarıldı. 

Trampın fikrincə, bu ona görə baş verib ki, Moskva xarici siyasət arenasında o vaxtkı ABŞ prezidenti Barak Obamanı üstələyib. Tramp iddia edib ki, Vaşinqton o illərdə xüsusilə Rusiyaya münasibətdə zəif idi.

“The Moscow Times” yazır ki, Trampın bəyanatları fonunda Kreml ölkənin G7-yə qayıtmaqda maraqlı olmadığını bildirib. 

“Biz dəfələrlə demişik ki, indi “Yeddilik Qrupu” adlanan qrup öz aktuallığını xeyli itirib”, - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Onun sözlərinə görə, qeyri-formal klub hazırda iqtisadi artımda lider olmayan ölkələri birləşdirir, çünki qlobal iqtisadiyyatın artım mərkəzləri dünyanın digər regionlarına keçib. Bu mənada Rusiya daha çox G20 ölkələri ilə əməkdaşlıqda maraqlıdır. 

“Məhz G20 kimi bir forum, yəqin ki, yez üzünün iqtisadi lokomotivlərini ən yaxşı şəkildə əks etdirir”, - deyə Peskov vurğulayıb.

Xatirə SADİQ