"Otağa salıb ac saxladılar, bir qərara gəlin" - Papa seçkiləri ilə bağlı maraqlı faktlar
Bu gün Vatikanda 267-ci Papa (Katolik Kilsə rəhbəri) seçkiləri keçirilir.
Konklava italiyan kardinal Pietro Parolin rəhbərlik edir. Parolin də daxil olmaqla kardinallar Matteo Zuppi və Pierbattista Pizzaballa (İtaliya), Peter Erdo (Macarıstan) , Timoti Dolan, Raymond Leo Burke və Robert Frensis Prevost (ABŞ), Jan Mark Avelin (Fransa), Mario Qrex (Malta), Anders Arborelius (İsveç), Luis Antonio Qokim Taqle (Filippin), Piter Turkson (Qana), Fridolin Ambonqo Besunqu (Konqo), Robert Sarah (Qvineya) yeni Roma Papası olmaq uğrunda mübarizə aparırlar.
Seçkidə 133 kardinal səs verəcək. Yeni Papanı azı 89 kardinal dəstəkləməlidir. Papanın seçilib seçilmədiyini Sikstin Kapellasının bacasından çıxan tüstünün rəngi müəyyənləşdirəcək. Belə ki, bacadan çıxan tüstünün rəngi ağdırsa, yeni Papa seçilmiş, tüstünün rəndi qaradırsa, "hələ seçilməmişdir" deməkdir.
Papa seçiləndən sonra Kilsə zəngi çalınacaq. Konklavdan sonra seçilmiş Papa kilsədəki otağına çəkilcək, libasını geyinəcək və Müqəddəs Pyotr Kilsəsinin eyvanına çıxacaq. Bütün dünya yeni Papanı belə tanıyacaq.
SAVASHMEDİA.az Papa seçkilərinin tarixi, “konklav” sözünün götürüldüyü hadisə və qalmaqallarla bağlı yazını təqdim edir.
İlk seçkilər
Xristianlığın ilk dövrlərində kardinal rütbəsi olmayıb. Həmin vaxtlarda Roma yepiskopu yerli ruhanilər və sayılıb-seçilən şəxslərin iştirakı ilə sadə məclislə seçilirdi. Xalq tərəfindən də yüksək qiymətləndirilən bu məclislər vaxt keçdikcə yerini dəbdəbəli seçkilərə buraxdı.
“Konklav” sözünün mənşəyi və tarixin ən uzun Papa seçkisi
Konklav sözü mənşəyini 1268-1271-ci illərdə keçirilmiş seçki prosesindən götürüb. Belə ki, 1268-ci ildə Romanın Viterbo qəsəbəsində başlayan seçkilər kardinalların yekdil qərara gələ bilməməsinə görə 3 il davam edib.
Kardinalların bir qismi italyan namizədi, digər qismi isə fransız namizədi Katolik Kilsəsinin rəhbəri olaraq görmək istəyirdi. Üç ilə yaxın davam edən müzakirələrdə tərəflərdən heç biri geri addım atmadı. Nəhayət, qərarsızlıqdan cana doyan yerli xalq kardinalları Papalığa aid saraylardan birinin zalında kilidlədi. Qapılar açarla bağlandı, pəncərələrə taxtalar hörüldü.
Kardinallar yalnız yemək və su ilə qidalanmağa məhkum edildi. Bir müddət kilid altında qalan kardinallar qərara gələ bildilər və X Qriqori Roma Papası seçildi.
Konklav sözü latıncada “cum-clave” kəlməsindən götürülüb, mənası “açarla” deməkdir. X Qriqori vəzifəsini icra etməyə başladıqdan sonra bir daha belə halların baş verməməsi üçün bəzi qərarlar verdi. Həmin qərarlara konklav zamanı papaların komfort həyatdan məhrum edilməsi, xarici aləmlə əlaqələrinin kəsilməsi, gündə 2 ( və ya 4) dəfə səs vermələri daxildir. Hazırda da konklavlarda həmin qərarlar tətbiq olunur. Ən qısa konklav 1503-cü ildə keçirilib və bir neçə saat ərzində tamamlanıb.
Avropada 3 Papa dövrü
1378-ci il konklavı nəticəsiz qalmışdı. Hər zamanki kimi kardinallar fransız və italyan namizədlər arasında var-gəl edirdilər. Bəzi kardinallar VI Urbanın papalığını qəbul etməyərək, fransız Klemeni Papa seçdilər. Urbanın Romada, Klemenin Fransada (Avinyon) papalıq etdiyi müddətdə Pisa şəhərində də üçüncü Papa fəaliyyət göstərirdi. Bu hal 1417-ci ilə qədər davam etdi.
Seçkiyə və Vatikana hökmdar müdaxilələri
Orta əsrlərdə Katolik Kilsəsinin getdikcə artan nüfuzu avropalı hökmdarları narahat etməyə başlamışdı. Belə ki, artıq Roma Papaları krallardan üstün sayılır, saray kilsəyə məğlub olurdu. Bu hal hökmdarları Papaları əzərək özlərinə tabe etməyə məcbur etdi. Kilsənin xristianlar üzərindəki təsirini nəzərə alan Müqəddəs Roma imperatoru V Çarlz Roma Papası kimi önəmli vəzifəyə seçkilərin sadəcə kilsənin ümidinə buraxılmamalı olduğunu bildirdi.
1549-cu ildə kardinalların görüşündən xəbər tutan V Çarlz onlara göndərdiyi məktubunda belə bir cümlə yazmışdı: “Avropanın ən güclü adamı tualetə belə nə vaxt gedəcəyinizi bilir”. Beləliklə, kardinallar V Çarlza hesabat verməyə məcbur edildilər.
Müqəddəsliyə rüşvət bulaşdıran “Papa”
Konklavlar rüşvət qalmaqalları ilə də tarixdə iz qoyub. Papa seçkilərinə ilk rüşvət izi 1492-ci ildə keçirilən konklavda düşüb. Belə ki, İtaliyanın zəngin Borgia ailəsindən olan kardinal VI Aleksandr digər kardinallara torpaq, pul və Vatikan bürokratiyasında müxtəlif rollar təklif edərək Papa seçildi. VI Aleksandr tarixə müqəddəsliyə rüşvət bulaşdıran saxtakar kimi daxil oldu.
Tarixindəki bütün mənfiliklərə, qalmaqallar baxmayaraq, hazırda dünyanın diqqətini özünə cəlb edən konklav 1,5 milyard katolikin liderini təyin edəcək.
Xatırladaq ki, Roma Papası Fransisk aprel ayının 21-də insult və ürək çatışmazlığı səbəbindən vəfat edib. 88 yaşında vəfat edən pontifikə məxsus "balıqçı üzüyü" və möhür bu gün kardinalların iştirakı ilə ləğv edilib.
Vəsilə İbrahim