“Tramp İrana qarşı hərbi planı təsdiqləyib, amma son əmri verməyib” – WSJ

ABŞ prezidenti Donald Tramp İrana zərbə endirmək üçün hərbi planı təsdiqləyib, lakin hələlik son əmri verməyib. 

Jun 19, 2025 - 13:32
“Tramp İrana qarşı hərbi planı təsdiqləyib, amma son əmri verməyib” – WSJ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.

Nəşrin məlumatına görə, Tramp çərşənbə axşamı böyük müşavirlərinə deyib ki, İrana qarşı hərbi planları təsdiqləyib, lakin Tehranın nüvə proqramından imtina edib-etməyəcəyini görmək üçün yekun əmri verməyib.

Yeri gəlmişkən, Donald Tramp Ağ Evin qarşısında jurnalistlərin İranla bağlı suallaını cavablandırıb. 

İranın nüvə obyektlərinə zərbə endirmək qərarına gəlib-gəlmədiyi sualına Tramp belə cavab verib: “Mən bunu edə bilərəm, etməyə də bilərəm. Gələn həftə, bəlkə də bir həftədən az, çox mühüm olacaq”.

“İran rejimi süquta uğrasa, nə baş verəcək?” sualına Tramp “Mənim hər şey üçün planım var, amma nə baş verəcəyini görəcəyik. Yol var” deyib. 

ABŞ prezidenti İranın “nüvə sazişi bağlamalı olduğunu” təkrar edərək, Tehranla “görüş üçün qapını bağlamadığını” əlavə edib.

“Təslim olmayacaqlarını deyən İranın ali dini rəhbərinə nə deyirsiniz?” sualına Tramp belə cavab verib: “Uğurlar”. 

Tramp onu da qeyd edib ki, səbri artıq tükənib: “Ona görə də biz nə ediriksə, edirik”.

Xatırladaq ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkəsinin təslim olmayacağını bildirib və ABŞ-nin istənilən hərbi müdaxiləsinin “düzəldilməz nəticələrə” sgətirib çıxaracağı barədə xəbərdarlıq edib.

“The Wall Street Journal” isə yazır ki, ABŞ bu arada Yaxın Şərqdəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb. “ABŞ Hərbi Dəniz Qüvvələrinin üçüncü gəmisi Aralıq dənizinin şərq hissəsinə daxil olub. ABŞ-nin ikinci aviadaşıyıcı zərbə qrupu isə Ərəb dənizinə istiqamət alıb. Pentaqon bu addımların sırf müdafiə xarakteri daşıdığını desə də, Trampın İrana hücumla bağlı qərar verəcəyi təqdirdə, onlar ABŞ-nin mövqeyini daha da yaxşılaşdırar”, - deyə nəşr vurğulayıb.

Nəşr güman edir ki, bu cür hərəkətlər həm də İranı təslim olmağa və ya güzəştə getməyə məcbur etmək üçün təzyiq taktikası ola bilər.

Xatirə SADİQ