Tramp keçmiş müşavirinə od püskürdü – “Bu uğursuzdan sitat gətirməyin”

ABŞ prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun Alyaska sammitinin Rusiya üçün “böyük qələbə” olduğuna dair iddiasını rədd edib.

Aug 13, 2025 - 16:45
Tramp keçmiş müşavirinə od püskürdü – “Bu uğursuzdan sitat gətirməyin”

SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsində yazıb. 

“KİV çox ədalətsiz şəkildə mənim Putinlə görüşümü işıqlandırır. Daim işdən qovulmuş uğursuzlardan və görüşün Amerika torpağında keçiriləcəyinə baxmayaraq, “Putin artıq qalib gəlib” deyən Con Bolton kimi həqiqətən axmaq adamlardan sitat gətirir. Bu nə deməkdir? Biz hər şeydə qalib gəlirik. Əgər Rusiya ilə sövdələşmə çərçivəsində Moskva və Leninqradı alsaydım, saxta xəbərlər pis müqavilə bağladığımı söyləyərdi! Amma indi onları yaxaladılar. Onların korrupsiyası ilə bağlı çıxan bütün real xəbərlərə baxın. Onlar xəstə və vicdansız insanlardır və yəqin ki, ölkəmizə nifrət edirlər. Amma bunun əhəmiyyəti yoxdur, çünki biz hər şeydə uduruq!!! MAGA!”, - deyə Tramp vurğulayıb. 

Qeyd edək ki, Bolton CNN-ə müsahibəsində deyib ki, Trampın Putinlə görüşü sülh danışıqlarına deyil, Moskvanın uğuruna doğru daha bir addımdır. 

“Putin üçün Alyaskadan daha yaxşı yeganə yer Moskvada keçiriləcək sammit olardı. Beləliklə, mən hesab edirəm ki, işlərin ilkin vəziyyəti Putin üçün böyük qələbədir”, - deyə Trampın keçmiş müşaviri əlavə edib. 

Cenevrə və ya Avstriyanı neytral ərazidə zirvə toplantısı üçün daha yaxşı yer kimi təklif edən Bolton bildirib ki, görüş naminə Beynəlxalq Cinayət Məhkəməsinin 2023-cü ilin yazında Putin barədə çıxardığı həbs qərarından imtina etmək olardı. “Açığı, düşünmürəm ki, kimsə etiraz edərdi”, - deyə Bolton bildirib. 

Xatirə SADİQ