“Tramp Putinə münasibətdə qamçı siyasətinə keçib” - Stubb
Finlandiya prezidenti Alexander Stubb amerikalı həmkarı Donald Trampın “kökə” siyasətindən “qamçı” siyasətinə keçərək Kremlin rəhbəri Vladimir Putinə təzyiqlərini artıracağına əminliyini ifadə edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə fin prezidenti “Politico” və digər nəşrlərin jurnalistləri ilə Helsinkidə ünsiyyəti zamanı bildirib.
Onun fikrincə, ABŞ-nin Putini vurması an məsələsidir və zərbə həqiqətən onun ağrıyan yerinə endiriləcək. “Kökələrin ruslarla nadir hallarda işlədiyini görən o, qamçı mərhələsinə keçdi. İndi yeganə sual bu qamçının nə qədər böyük olacağıdır”, - deyə Stubb vurğulayıb.
“Putin üçün “qamçı” nə ola bilər” sualına cavabında Stubb zarafata keçib. Trampın arsenalında çoxlu təsir alətlərinin olduğuna eyham vurmaqla fin prezidenti bildirib ki, bu, “xokkey ağacı” ola bilər.
“Prezident Tramp gecə-gündüz olmasa da, hər gün bu müharibəni bitirmək üçün çalışır. Onun çantasında 14 qolf ağacı var. Prezident Trampın necə danışıqlar apardığını başa düşmək üçün “Sövdələşmə sənəti”ni oxumağa ehtiyac yoxdur. Bu, qeyri-ənənəvi, lakin səmərəli üslubdur”, - deyə Stubb söyləyib.
O, xəbərdarlıq edib ki, Putin avqustun 15-də Alyaskada Trampla görüşündən sonra Ukraynada dinc sakinləri öldürməyə davam edərsə, Amerika prezidenti sərt cavab vermək məcburiyyətində qalacaq.
Özünü “realist nikbin” adlandıran Stubb Ukrayna tərəfdarlarını səbirli olmağa çağırıb: “Mənim son bir neçə ay ərzində prezident Trampla kifayət qədər sıx işləmək imkanım olub. Bəlkə nikbinlik bəzən intuitiv ola bilər, lakin hazırda mövcud olan faktlar göstərir ki, biz düzgün istiqamətdə hərəkət edirik”.
Finlandiya prezidenti Avropanın Kiyevə dəstək rolundan danışarkən Macarıstanın baş naziri Viktor Orbanın vetosundan yan keçməyin yolunu tapmaqla Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünü sürətləndirməyə yönəlmiş addımları qətiyyətlə müdafiə etdiyini bildirib.
“Şəxsən mən daha çox çeviklik və əngəlləmə üçün daha az imkanlar təmin edən istənilən qərar qəbuletmə mexanizmini alqışlayıram. Və bu, heç vaxt Ukrayna məsələsində olduğu qədər aktual olmayıb. Mən həmişə deyirəm ki, Avropa Komissiyası və Avropa Şurasının hüquqşünaslarının belə vəziyyətlərdə kreativ həll yolları tapmaq qabiliyyətini dəyərləndirməmək olmaz. Ukraynanın Aİ üzvlüyü strateji əhəmiyyətə malikdir. Bu, nə qədər tez baş verərsə, bir o qədər yaxşı olar”, - deyə Stubb yekunlaşdırıb.
Xatirə SADİQ