75 yaşlı şahzadə qəfildən Kiyevə gəldi

Böyük Britaniyanın 75 yaşlı şahzadəsi Anna gözlənilmədən Ukrayna paytaxtına səfər edib. 

Oct 1, 2025 - 12:13
75 yaşlı şahzadə qəfildən Kiyevə gəldi

SAVASHMEDİA.az bu barədə BBC, Sky News nəşrlərinə istinadən xəbər verir. 

Bukingem Sarayından bildirilib ki, səfərin əsas məqsədi “cəbhə xəttində yaşayan uşaqların travmatik təcrübələrinə” diqqəti cəlb etmək olub.

Şahzadə Anna birinci xanım Yelena Zelenskaya ilə birlikdə Ukraynanın II Dünya müharibəsində tarixini əks etdirən Milli Tarixi Muzeyini və Müqəddəs Mixail məbədini ziyarət edib, burada Rusiyanın qətlə yetirdiyi kiçik ukraynalıların xatirəsini ehtiramla yad edib.

Şahzadə Anna Kiyevdə

Memorialın ətrafına onlarla başqa yümşaq oyuncaqların yanına oyuncaq ayını qoyandan sonra şahzadə Anna deyib: “Qızımda da belə oyuncaq vardı”.

Uşaq Hüquqlarını Müdafiə Mərkəzini ziyarət edən şahzadə Anne rus hərbçiləri tərəfindən evlərindən oğurlanan, lakin sonradan vətənlərinə qaytarılan yeniyetmələrlə görüşüb və söhbət edib. O, mümkün qədər çox uşağın öz ailəsinə qovuşması üçün “yorulmadan çalışan” mərkəzin əməkdaşlarına minnətdarlığını bildirib.

Şahzadə Anna səfər çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və ölkəsinin Kiyevə davamlı dəstəyini müzakirə edib.

Xatırladaq ki, bundan öncə Britaniya şahzadəsi Harri yaralı Ukrayna veteranlarını ziyarət etmək üçün Ukraynaya səfər etmişdi. 

Xatirə SADİQ