İsrail ordusu Husilərin Yəməndəki obyektlərinə zərbə endirdi
İsrail ordusu (IDF) iyulun 7-nə keçən gecə Yəməndə husilərin hərbi obyektlərinə hücum edib.
SAVASHMEDİA.az İsrail KİV-nə istinadən xəbər verir ki, bu barədə IDF məlumat yayıb.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20-yə yaxın döyüş təyyarəsinin iştirak etdiyi “Qara Bayraq” əməliyyatı çərçivəsində üç dəniz limanı Hodeyda, Ras İsa və Salif limanı vurulub.
“Bu limanlar Husi terror rejimi tərəfindən İrandan silahların ötürülməsi, İsrail və onun müttəfiqlərinə qarşı terror əməliyyatları üçün istifadə olunur”, - İDF izah edib.
"Ynet"in məlumatına görə, İsrail Yəmən limanlarına, bir gəmiyə və elektrik stansiyasına ümumilikdə 50-yə yaxın raket və bomba atıb.
İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, Təl-Əviv Yəmənlə Tehranla olduğu kimi davranacaq.
“İsrailə zərər verməyə çalışan istənilən kəs cəzalandırılacaq. İsrailə əl qaldıran istənilən kəsin başı kəsiləcək. Husilər öz hərəkətlərinə görə yüksək bədəl ödəməyə davam edəcəklər”, - müdafiə naziri vurğulayıb.
"N12" yazıb ki, Baş nazir Benyamin Netanyahu Vaşinqtona yollanarkən öz təyyarəsindən husilərə qarşı aparılan əməliyyatı izləyib.
İsrail ordusundan bildirilib ki, zərbələrdən sonra husilər İsrailə ən azı iki raket atıblar. Qüdsün cənubunda və Ölü dənizə yaxın şəhərlərdə hava hücumu sirenləri səslənib.
Xatirə SADİQ