Aİ rəsmiləri Moldovanı təbrik etdilər - “Qapımız sizə açıqdır”

“Moldovada keçirilən parlament seçkilərində Moldova xalqı demokratiya, islahatlar və Avropa gələcəyini seçdi”.

Sep 29, 2025 - 13:47
Aİ rəsmiləri Moldovanı təbrik etdilər - “Qapımız sizə açıqdır”

SAVASHMEDİA.az xəbər verir ki, Avropa Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Moldovanın “Fəaliyyət və Həmrəylik” hakim partiyasının (PAS) qələbəsini X sosial şəbəkəsində belə qiymətləndirib. 

“Rusiyanın təzyiq və müdaxiləsinə baxmayaraq, o (Moldova xalqı – red.) demokratiyanı, islahatları və Avropa gələcəyini seçdi. Avropa İttifaqı (Aİ) Moldovanı dəstəkləyir. Hər addımda”, - deyə Koşta yazıb.

Ursula von der Lyayen qeyd edib ki, qorxu və ya nifaq salmaq kimi heç bir cəhd Moldovanın qətiyyətini sındıra bilmədi. Bu qətiyyət xalqın “öz seçimini aydın şəkildə müəyyən etdi”.

“Avropa. Demokratiya. Azadlıq. Qapımız açıqdır. Və biz də sizə hər addımda dəstək olacağıq”, - deyə fon der Lyayen vurğulayıb. 

Fransa prezidenti Emmanuel Makron parlament seçkilərinin nəticəsindən sonra  Moldovaya dəstəyini ifadə edib və bunu “qətiyyətli addım” adlandırıb.

Polşanın baş naziri Donald Tusk hesab edir ki, Avropayönlü hakim partiyanın Moldovada keçirilən seçkilərdə qələbəsi “hamı üçün” yaxşı dərs oldu.

Qeyd edək ki, bazar günü keçirilən parlament seçkilərində verilən səslərin 99,5%-ni hesabladıqdan sonra PAS seçici dəstəyinin 50%-lik baryerini keçib. Bu, hakim partiyaya 101 yerlik parlamentdə təxminən 55 yer tutmağa imkan verir. Bu həm də o deməkdir ki, Rusiya və rusiyayönlü qüvvələrin hakimiyyəti ələ keçirmək üçün açıq cəhdlərinə baxmayaraq, Sandu partiyası yeni Moldova parlamentində çoxluğu təmin edəcək yeganə siyasi qüvvə olacaq.

Xatirə SADİQ