Zelenski Münhendən Trampa sərt ismarıclar göndərdi - "Artıq ABŞ-yə inanmıram"
NATO üzvlüyündən əli üzülən Ukrayna prezidenti Vladimir Zelenski Avropa Silahlı Qüvvələrinin yaradılması ideyasını irəli sürüb.
SAVASHMEDİA.az-ın məlumatına görə, o, ABŞ-a arxalanmağın faydasızlığından danışarkən Avropa ölkələrinin öz ordusunu yaratmağı təklif edib.
Zelenski bunu fevralın 15-də Münhen Konfransında çıxışı zamanı deyib.
“İnanıram ki, bu vaxt gəlib çatıb. Avropa silahlı qüvvələri yaradılmalıdır. Söhbət təkcə müdafiə xərclərinin ÜDM-in faizi kimi artırılmasından getmir. Pul lazımdır, bəli, amma təkcə pul düşmənin hücumunu dayandıra bilməz. İnsanlar və silahlar pulsuz gəlmir, amma yenə də söhbət təkcə büdcədən getmir. Söhbət insanların öz evlərini qorumaq ehtiyacını dərk etməsindən gedir". - Ukrayna prezidenti bildirib.
Zelenski deyib ki,bizə öz gücümüzə inam lazımdır ki, başqalarının Avropanın gücünə hörmət etməkdən başqa çarəsi olmasın: "Avropa ordusu olmadan isə bu mümkün deyil. Bir daha təkrar edirəm - Avropanın öz silahlı qüvvələrinə ehtiyacı var”.
Zelenski çıxışında onu da bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampı mayın 9-da Qızıl Meydanda dayanmaq üçün Moskvaya dəvət etməyə çalışacaq:
“Ancaq bu, hörmətli liderin dəvətinə oxşamır. Tramp Putinə orada çıxışının dinləyicisi kimi lazımdır. Bu isə bizə lazım deyil. Bizə əsl uğur, əsl sülh lazımdır”.
O, ABŞ-nin Avropaya müttəfiq kimi baxdığından artıq əmin olmadığını söylədi. Zelenski onu da qeyd edib ki, bir neçə gün əvvəl Tramp ona Putinlə söhbəti haqda danışıb: “O, heç vaxt Amerikanın danışıqlar masası arxasında Avropaya ehtiyacı olduğunu qeyd etməyib. Bu çox şey deyir. Köhnə günlər geridə qaldı, o zaman Amerika Avropanı dəstəkləyirdi, çünki həmişə belə idi”.
Münhen Konfransının əsas sessiyasında çıxış edən Zelenski də deyib: “Ukraynasız Ukrayna ilə bağlı qərar qəbul olunmur. Avropasız Avropa üçün heç bir həll yolu yoxdur. Avropa ilə bağlı qərarlar qəbul edilən zaman Avropa masa arxasında oturmalıdır. Qalan hər şey sıfırdır. Əgər öz gələcəyimizlə bağlı danışıqlardan kənarda qalsaq, o zaman hamımız uduzmuş olarıq”.
Oğuz