Tramp vəzifədən getdikdən sonra Putinə 7 dəfə zəng edib? – Peskovdan AÇIQLAMA
“Eks-prezident Donald Trampın vəzifədən getdikdən sonra 7 dəfə Vladimir Putinlə telefonla danışması barədə deyilənlər həqiqətə uyğun deyil”.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RBC” telekanalına bildirib.
“Putinlə Tramp zəngləşiblərmi?” sualına Peskov “Xeyr, bu, belə deyil” cavabını verib.
“The New York Times” (NYT) qəzetinə şərhində Peskov deyib ki, bu, seçkiqabağı kampaniya kontekstində tipik dezinformasiyadır.
Qeyd edək ki, Putinlə Trampın telefon danışıqları barədə “CNN” jurnalist Bob Vudvordun oktyabrın 15-də nəşr olunacaq “Müharibə” kitabına istinadən məlumat yayıb. Kitabda özəlliklə Trampın Floridadakı Mar-a-Laqo malikanəsində baş verən epizoddan bəhs edilir. Jurnalist iddia edib ki, Tramp Rusiya prezidenti Vladimir ilə telefonda danışa bilsin deyə böyük köməkçisindən otağı tərk etməsini istəyib.
Nəşrin yazdığına görə, kitabın müəllifi etiraf edib ki, Trampın vəzifədən getdikdən sonra Putinlə əlaqə saxladığını təsdiq edəcək başqa mənbəyi yoxdur. ABŞ administrasiyasının və kəşfiyyatının 20-yə yaxın keçmiş və indiki rəsmisi bu barədə heç nə bilmədiklərini desələr də, bəziləri bu ehtimalı istisna etməyiblər.
Trampın seçkiqabağı kampaniyasının kommunikasiya üzrə direktoru Stiven Çunq Vudvordu “tamamilə əclaf, dəli, ağlını itirmiş insan” və “uydurma hekayələrin” müəllifi adlandırıb. Amma NYT yazıb ki, direktor eks-prezidentin fəaliyyəti ilə bağlı məlumatları birbaşa təkzib etməyib.
Respublikaçılar partiyasından vitse-prezidentliyə namizəd olan senator Cey Di Vens deyib ki, “bu doğru olsa belə,” dünya liderləri ilə ünsiyyətdə heç bir qəbahət yoxdur.
NYT isə vurğulayıb ki, keçmiş prezidentlər tez-tez xarici liderlərlə danışırlar, lakin kiminsə Ağ Ev və ya Dövlət Departamenti ilə əvvəlcədən razılaşdırmadan ABŞ-nin aşkar düşməni ilə danışması qeyri-adi olardı.
Xatirə SADİQ