“Tramp yeni sanksiyaların vaxtını və yerini bilir” – ABŞ dövlət katibi

“Rusiyaya qarşı yeni sanksiyalar potensial danışıqlara zərər verə bilər və Tramp iqtisadi sanksiyaları tətbiq etmək üçün doğru vaxtı və yeri biləcək”.

Jun 25, 2025 - 18:01
“Tramp yeni sanksiyaların vaxtını və yerini bilir” – ABŞ dövlət katibi

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Politico”ya deyib.

“Əgər hamının bizdən istədiyini etsək, məhz müdaxilə edərək onları daha çox yeni sanksiyalarla dağıtsaq, çox güman ki, biz onlarla atəşkəs haqqında danışıqlar aparmaq imkanını itirəcəyik. Sonra kim onlarla danışacaq?”, - deyə Rubio sual edib.

Dövlət katibi əlavə edib ki, Ağ Ev administrasiyası Trampa müvafiq çeviklik təmin etmək üçün Konqreslə işləyir.

Lakin o, əlavə edib ki, ABŞ sanksiyalar tətbiq etmək qərarına gəldikdə, bu, ehtimal ki, Rusiya ilə danışıqlar üçün pəncərənin bağlanacağı anlamına gələcək: “Əgər o bunu edərsə, bu, demək olar ki, yaxın vaxtlarda heç bir danışıqların olmayacağının etirafı olacaq. Biz qarşılıqlı hərəkəti davam etdirəcəyik. O mənada ki, nəyisə dəyişmək və onları danışıqlar masası arxasında əyləşməyə məcbur etmək imkanımız olsa, biz bundan istifadə edəcəyik”.

Rusiya ilə danışıqların dalana dirənməsinə gəlincə, Marko Rubio deyib ki, Moskva döyüş meydanında ərazi məqsədlərinə nail ola biləcəyini hesab edir, Vaşinqton isə bununla razılaşmır.

“Biz belə hiss edirik ki, rusiyalılar danışıqlar masasında tələb etdiklərinə döyüş meydanında nail olmağa çalışacaqlar və sair. Hesab edirik ki, buna nail olmaq onlar üçün düşündüklərindən qat-qat çətin olacaq”, - deyə Rubio əlavə edib.

Qeyd edək ki, prezident Volodimir Zelenski və digər Avropa liderləri çərşənbə günü NATO-nun Haaqa sammiti zamanı Trampı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə inandırmağa ümid edirlər, çünki Vladimir Putin Amerikanın atəşkəslə bağlı təkliflərini dəfələrlə rədd edib.

Xatirə SADİQ