“Trampa boyun əyməməliyik” - Angela Merkel

Almaniyanın keçmiş kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın onun əlini sıxmaqdan imtina etdiyi məqamdan danışıb.

Jul 4, 2025 - 11:40
“Trampa boyun əyməməliyik” - Angela Merkel

SAVASHMEDİA.az xəbər verir ki, keçmiş kansler bu barədə  Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsi zamanı xatırladıb. 

“Azadlıq” adlı memuarının yunan dilinə tərcüməsinin təqdimatı ilə əlaqədar Afinaya gələn Merkel bildirib ki, bu hadisə 2017-ci ildə Oval kabinetdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı baş verib.

“Mən dedim: Donald, sizin əlinizi sıxmaq istəyirəm.  Amma o, bunu etmədi. O, diqqəti özünə cəlb etmək istəyirdi. Bu, onun məqsədidir – diqqəti yayındırmaq və hamını ona baxmağa məcbur etmək. Bu, onun tariflərlə bağlı hərəkətlərindən də aydın görünür. Nəhayət, o, Amerika xalqı üçün yaxşı nəticələri təmin etməlidir. Ona ən azı, öz ölkəsində səriştəli olduğunu sübut etmək lazımdır”, - Merkel vurğulayıb. 

Keçmiş kansler onu da qeyd edib ki, əgər tariflər ABŞ-də qiymətlərin bahalaşmasına gətirib çıxarsa, Tramp bunun fəsadları ilə üzləşəcək. 

O hesab edir ki, Avropa İttifaqı (Aİ) amerikalı prezidentin ticarət müharibəsində təzyiqlərinə boyun əyməməli, birliyi qorumalı, qarşılıqlı tədbirlər görməli və danışıqlar aparmalıdır.

Qeyd edək ki, Merkel 2005–2021-ci illərdə Almaniya kansleri vəzifəsində çalışıb. Trampın ilk prezidentlik dövründə (2017–2021) onunla rəsmi görüşü olub. 

Tramp iyunun əvvəlində Almaniyanın qaçqınlarla bağlı “açıq qapı” siyasətinə görə Merkeli tənqid edib. “Mən ona dedim ki, bu baş verməməli idi”, -  Tramp Almaniyanın hazırkı kansleri Fridrix Mertslə görüşündə deyib.

Xatirə SADİQ