Trampdan Kanadanın ünvanına həqarət - “Ən iyrənc ölkələrdən biridir”

ABŞ prezidenti Donald Tramp qonşu Kanadanı indiyə qədər üzləşdiyi “ən iyrənc ölkələrdən biri” adlandırıb.

Mar 19, 2025 - 13:01
Trampdan Kanadanın ünvanına həqarət - “Ən iyrənc ölkələrdən biridir”

SAVASHMEDİA.az xəbər verir ki, Tramp bunu Fox News telekanalına müsahibəsində deyib.

Kanada barədə yenidən “51-ci ştat” iddiasını təkrarlayan Tramp eyni zamanda qonşu ölkəni ticarət tərəfdaşı kimi tənqid edib.

“Böyük tariflər tələb edirlər. Mən Ayova, Nebraska ştatında müxtəlif yerlərə getdiyim zaman onlar həmişə Kanadadan, onların necə dolandırıldıqlarından şikayət edirdilər. Bizim Kanada ilə çox böyük kəsirimiz var”, - deyə ABŞ prezidenti əlavə edib.

O, həmçinin qeyd edib ki, bir çox ölkə ilə iş görüb, bu mənada Kanada ən iyrənc ölkələrdən biri olub.

Tramp xüsusilə də Kanadanın keçmiş baş naziri Castin Trüdonun nümayəndələrini tənqid edərək, onları “iyrənc” adlandırıb və bildirib ki, onlar heç vaxt həqiqəti demirdilər.

Eyni zamanda Amerika prezidenti etiraf edib ki, onun üçün mühafizəkarlarla yox, Kanada Liberal Partiyasının nümayəndələri ilə iş görmək daha asandır.

Xatırladaq ki, martın 14-də Kanadanın yeni baş naziri Mark Karni vəzifəsinin icrasına başlayıb. Bu, ABŞ ilə ticarət müharibəsinin qızışdığı vaxtda baş verdi.

Karni bundan öncə deyib ki, Kanada heç vaxt Birləşmiş Ştatların bir hissəsi olmayacaq. O, söz verib ki, amerikalılar “hörmət göstərənə qədər” Amerika mallarına tarifləri saxlayacaq.

Xatirə SADİQ