Bu ölkə Rusiya və Belarusla sərhədlərinə minalar yerləşdirəcək
Polşa “Şərq Qalxanı” layihəsi çərçivəsində Rusiya və Belarusla sərhədlərə piyada əleyhinə minalar yerləşdirməyi planlaşdırır.
SAVASHMEDİA.az RMF24-ə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Pavel Beyda bildirib.
“Bizim başqa çıxış yolumuz yoxdur. Sərhəddə vəziyyət ciddidir. Mən Polşa-Belarus və Polşa-Rusiya sərhədlərindən danışıram. Bu, “Şərq Qalxanı”nın elementlərindən biri olacaq”, - deyə nazir müavini vurğulayıb.
O, qeyd edib ki, Polşada piyada əleyhinə minalar yoxdur, lakin ölkə onları istehsal etmək qabiliyyətinə malikdir.
“Bunu Polşa Silahlı Qrupunun fabrikləri edəcək, lakin mən təfərrüatlara varmaq istəmirəm. Söhbət bir neçə yüz minlik sifarişdən gedir, bir milyondan (ədəd – red.) da danışmaq olar”, - deyə Beyda diqqətə çatdırıb.
Nazir müavininin bəyanatı Litva, Latviya, Estoniya və Polşanın martın 18-də piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmaq niyyətlərini elan etdikləri vaxtda verilib.
Xatirə SADİQ