Şər deməsən... - ÖLÜM HAQDIR!
Yeddi yaşım olanda atam məni yanına çağırıb söylədi:
“Deyəcəyimi bilməli və sakit qəbul etməlisən. Nə vaxtsa mən də, anan da öləcəyik. Bu işdə dəhşətli heç bir şey yoxdur. Hanı mənim babalarım, nənələrim, onların ata-anası? Hamısı ölüb, öz yerində isə bizi qoyublar. Dünyada heç nə əbədi deyil. Dünyanın özü də deyil əbədi. Hər şeyin var əvvəli və axırı. Onların arasındaki an həyat adlanır...
Torpaqdan yaşıl ot çıxır. Böyüyür, artır. Bir gün saralır, solur, böyrü üstə yıxılır. Ağac meyvənin tumundan yaranır. Böyüdükcə, gövdəsi yoğunlaşır, yarpaq açır, yaşıllaşır. Pöhrələnir. Tumurcuqlar çiçəklənir. Bar verir. Bu, ilbəil təkrarlanır və bir gün ağac da həyatını vurur başa.
Hər səhər Günəş çıxır. Səmada şərqdən qərbə hərəkət edir və üfüqdə batır. Gün yaşayır bir gün. Və ölür.
Yaz gələndə il doğulur, yayda qüvvətlənir, payızda təbiət bar verir, qışda isə həyatı başa çatır. Sonra növbəti il gələcək, dövriyyəsi təkrarlanacaq. Nə qədər ki, Ölüm var, Həyat üçün təhlükə yoxdur”.
Atam eyni söhbəti mən 15 və 20 yaşıma çatanda da etdi. Doğrusu, 7 yaşımda belə söhbətin olduğunu yalnız valideynimin sözlərindən bilirəm. 15 yaşımda eşitdiklərim yadımda qaldı. 20 yaşımda mənə elə gəldi ki, bunlar öz fikrimdir. İndi “120” yaşım var və deyəsən nəyisə başa düşürəm.
Əvvəla başa düşürəm ki, anlanası hələ çox şey var.
İkincisi, atam ölüm haqqında danışarkən məni məhz həyata hazırlayır, istiqamətləndirirdi.
Ölüm haqdır. Labüddür. Ondan qətiyyən qorxmamalı, nə vaxtsa qarşına çıxacağına hazır olmalısan. Bundan ötrü hər birimizə Həyat verilib. Elə yaşamaq lazımdır ki, Ölümü mərdliklə, alnıaçıq, ləyaqətlə qarşılayasan.
Universitetə daxil olmağım münasibətilə atam mənə səyahət hədiyyə etdi. Marşrutu onun təklifinə əsasən 3 variant arasından mən seçdim: Xaçmazdan – Xaçmaza. Xaçmaz şəhərindən piyada çıxıb Quba, Qusar, Qəbələ rayonlarının dağlıq ərazisindən keçməklə, Böyük Qafqaz silsiləsini aşmaqla Oğuzun Xaçmaz kəndinə. Səyahətdən qabaq yenə qarşısında əyləşdirib dedi:
– Gözlərini yum və əllərinlə ört. İndi de: “Ölüm, səndən qorxmuram. Yolumdan çəkil, yoxsa səni parçalayaram”. Əllərini birdən götür və gözlərini aç. İndi sən başqa adamsan. Döyüşə hazır əsgərsən. Səfərdən sonra evdə gözlərini bir daha qapayıb açarsan və adi həyata qayıdarsan.
Bu, mistik prosedur deyildi, 18 yaşlı gənc üçün psixoloji hazırlıq idi. Yürüşdən xeyli sonra atam etiraf etdi ki, dağlarda ona çətin idi və həyatla beş dəfə vidalaşmışdı...
Ölüm, keçinmək görmüsənmi? Mən çox görmüşəm. Həm insan, həm heyvan, quş ölümü. Ördək, toyuq, it, cücə xəstələndikdə kənara çəkilir, boynunu əyib yerə baxır və son anı səssiz gözləyir. İnsan elə hey ufuldayır, zarıyır. 40 il keçir – ölmür ki ölmür. Əlbəttə, sonda qaranlıq dünyadan yayına, qaça bilmir. Amma dirilərin həyatını qara edir.
Söhbəti lətifə ilə tamamlayım ki, qəmli notlarla ayrılmayaq.
Dövlətli kişi səfalı meşədə, çay qırağında, rayon restoranında nahar edərkən, qarşısında bir nəfər naməlum şəxs peyda olur. Kişi:
– Sən kimsən?
– Əzrail. Dalınca gəlmişəm. Vaxtdır.
Hiyləgər kişi:
– Sənə qurban olum. İndi toxunma. Yarımçıq işlərim var. Möhlət ver tamamlaym.
Əzrail heç də pis deyil – mələkdir axı. İşi, vəzifəsi belədir. 15 gün vaxt verir. Kişi isə qaçır evə, iki çamadan pul götürüb uçur Londona. Vaxtını kef içində, eyş-işrətlə keçirir. Möhləti tamam unudur. Düz 15 gün sonra yenə restoranda, yenə Əzrail peyda olur. Kişi özünü itirir:
– Ha indi Londona da sən baxırsan?..
A.ƏZİZ