Trampın adamları Yuliya Timoşenko ilə gizli danışıqlara başlayıb - Zelenski devrilir?

ABŞ prezidenti Donald Trampın çevrəsindən olan dörd yüksək vəzifəli məmur Ukrayna prezidenti Vladimir Zelenskinin bəzi əsas siyasi rəqibləri ilə gizli danışıqlar aparıb.

Mar 6, 2025 - 15:58
Mar 6, 2025 - 16:04
Trampın adamları Yuliya Timoşenko ilə gizli danışıqlara başlayıb - Zelenski devrilir?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Nəşr qeyd edib ki, Tramp nümayəndələri Yuliya Timoşenko və Petro Poroşenkonun partiyasının yüksək vəzifəli üzvləri ilə danışıqlara başlayıblar. Müzakirələr Ukraynanın tez zamanda prezident seçkilərini keçirib-keçirməyəcəyi sualı ətrafında olub. 

Trampın köməkçiləri əmindirlər ki, Zelenski müharibə yorğunluğu və ölkədəki korrupsiya ilə bağlı məyusluq səbəbindən istənilən seçkini uduzacaq.

Lakin son sorğulara görə, Zelenski prezident kürsüsü uğrunda mübarizədə əminliklə liderlik edir. Ağ Ev qalmaqalından sonra Britaniyanın “Survation” şirkəti tərəfindən bu həftə keçirilən sorğuda respondentlərin 44%-i prezident seçkilərində Zelenskini dəstəkləyəcəklərini bildirib.

Nəşr xatırladıb ki, Ukraynada prezident seçkiləri keçirilməsi ideyasını uzun illər Zelenskidən yaxa qurtarmaq istəyən Kreml irəli sürüb.

“Politico”nun məqaləsini şərh edən Poroşenko “Facebook”da yazıb ki, onun komandası Amerika tərəfi ilə açıq şəkildə işləyir və danışıqların mahiyyəti “iki prinsipə - ilk növbədə təhlükəsizlik və güc vasitəsilə sülh ətrafında aparılır.  

“Yəni məhz silahlar, kəşfiyyat, Rusiyaya qarşı sanksiyalar, maliyyə dəstəyi, demokratik dayanıqlıq (“azadlıq və demokratiya”), transatlantik birlik. Bizim komandamız həmişə qəti şəkildə müharibə zamanı seçkilərin əleyhinə olub və indi də belədir”, - deyə Poroşenko vurğulayıb.

O qeyd edib ki, seçkilərin keçirilməsi atəşkəsdən və Ukrayna üçün təhlükəsizlik təminatları ilə sülh sazişi imzalandıqdan, eləcə də hərbi vəziyyət başa çatdıqdan sonra 180 gündən gec olmayaraq mümkündür.

Yuliya Timoşenko da onun komandası ilə danışıqların aparıldığını dolayısı ilə təsdiqləyib.

“Prezident Zelenskinin aydın şəkildə dediyi kimi Ukrayna prezident Trampın güclü rəhbərliyi altında müharibəyə son qoymaq üçün danışıqlara hazırdır. “Batkivşina” komandası ədalətli sülhü tez bir zamanda təmin etməyə kömək edə biləcək bütün müttəfiqlərimizlə danışıqlar aparır. O ana qədər, mən bu barədə dəfələrlə danışmışam, Ukraynada hər hansı seçkinin keçirilməsindən söhbət gedə bilməz”, - deyə Timoşenko yekunlaşdırıb. 

Xatırladaq ki, Zelenskinin sərəncamlı ilə Petro Poroşenkoya sanksiyalar tətbiq olunub və o, ölkəni tərk edə bilməz.

Xatirə SADİQ