Trampın əleyhinə ifadə verən ukraynalı ABŞ Konqresinə seçildi

Donald Trampın impiçmenti üzrə məhkəmə prosesində əkiz qardaşı Aleksandr Vindmanla birlikdə ifadə verən ukraynaəsilli amerikalı Yevgeni Vindman Virciniya ştatından ABŞ Konqresinə seçilib. 

Nov 7, 2024 - 14:22
Trampın əleyhinə ifadə verən ukraynalı ABŞ Konqresinə seçildi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The New York Times” (“NYT”) qəzeti yazıb.

49 yaşlı Yevgeni Vindman Nümayəndələr Palatasında demokrat Ebigeyl Spanbergeri əvəz edəcək. Xanım Spanberger qubernatorluğa namizəd olmaq qərarına gəlib. 

Qəzet qeyd edir ki, Vindmanın qələbəsi bu dairəni demokratların əlində saxlayır və partiyanın Nümayəndələr Palatasında çoxluğu qazanmaq ümidlərini gücləndirir.

“Sovet rejimindən qaçıb bu böyük ölkəyə cibində 800 dollardan az pulla gələn immiqrantın indi burada ABŞ Nümayəndələr Palatasına konqresmen seçilməsi Amerika təcrübəsinin qüdrətinin sübutudur”, - deyə Vindman öz qələbəsini belə səciyyələndirib. 

“NYT” nəzərə çatdırıb ki, Kiyevdə anadan olan Vindman hüquqşünas və ABŞ ordusunun istefada olan polkovnik-leytenantıdır. 2018-ci ildən Yevgeni Vindman ABŞ Milli Təhlükəsizlik Şurasında hüquq məsləhətçisinin müavini vəzifəsində çalışıb, lakin Tramp onu 2020-ci ildə işdən çıxarıb.

O, qardaşı ilə birlikdə Ukrayna prezidenti Volodimir Zelenskiyə zənglə bağlı iş üzrə Trampın əleyhinə ifadə vermişdi. Zelenskiyə zəng məsələsi Trampı impiçment təhlükəsi ilə üz-üzə qoymuşdu.

2019-cu il noyabrın 19-da Nümayəndələr Palatasında impiçment çərçivəsində keçirilən açıq dinləmə zamanı Aleksandr Vindman  bildirmişdi ki, ona Ukraynanın müdafiə naziri vəzifəsi təklif olunub. O, həmçinin  ABŞ prezidenti Donald Trampın ukraynalı həmkarı ilə telefon danışığının yersiz olduğunu düşündüyünü demişdi.  Dinləmələrdən öncə isə Vindman bağlı qapılar arxasında ifadə vermişdi. Söhbətdən sonra Trampın istədiyini etməyənə qədər Ukraynanın hərbi yardım almayacağının ona məlum olduğunu bildirdi. Bundan sonra hər iki qardaş işdən çıxarıldı. 

Xatirə SADİQ