Trampın müşaviri Putin və Rusiya ilə bağlı suallardan qaçdı
Ağ Ev prezident Trampın ukraynalı həmkarı Zelenski ilə bağlı açıqlamalarını birbaşa cavablandırmaqdan yan keçib.
SAVASHMEDİA.az “Fox News” telekanalının birbaşa yayımına istinadən xəbər verir ki, hər iki halda Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts birbaşa cavabdan yan keçib.
Mayk Uolts ittihamlarını yalnız Ukraynaya və şəxsən prezident Volodimir Zelenskiyə ünvanlanıb.
“Prezident Tramp Zelenskini diktator adlandırdı. O, Putini diktator hesab edirmi və Zelenskinin hakimiyyətdən kənarlaşdırılmasını istəyirmi?” sualına Trampın müşaviri belə cavab verib:
“Prezident Tramp indi prezident Zelenskiyə görə məyus olub. Çünki o, danışıqlar masasına (görünür, söhbət Ukrayna mineralları haqqında müqavilədən gedir – red.) oturmayıb, Amerikanın təklif etdiyi imkandan istifadə etməyə hazır olmayıb. Düşünürəm ki, yekunda o, bunu edəcək. Ümid edirəm ki, bu, tez baş verəcək. Lakin prezident Tramp, rusiyalı həmkarlarımıza açıq şəkildə bildirdiyimiz kimi və bu gün vurğulamaq istədiyim kimi, diqqəti döyüşləri dayandırmağa və irəliləməyə yönəldib və biz bütün günü keçmişdə baş verənlərlə bağlı mübahisə edə bilərik”, - deyə Mayk Uolts bildirib.
“Onun (Trampın – red.) fikrincə, Ukraynaya Rusiya təcavüzünə görə kim böyük məsuliyyət daşıyır – Putin yoxsa Zelenski?” sualına Mayk Uolts belə cavab verib:
“Baxın, onun məqsədi bu müharibəni bitirməkdir. Nöqtə. Hər iki tərəfdə döyüşlər davam edir, bu, Birinci Dünya Müharibəsi üslubunda mövqe döyüşüdür. Onun prezident Zelenskidən məyusluğu, dinlədiyiniz kimi, çoxşaxəlidir. Amerika xalqının, Amerika vergi ödəyicilərinin və şəxsən prezident Trampın birinci prezidentlik dövründə (Ukrayna üçün) etdiklərinə dərin minnətdarlıq olmalıdır... Buna görə də Kiyevdən gələn bəzi ritorika və prezident Trampa təhqirlər, açığı, qəbuledilməz idi”.
Xatirə SADİQ