Trampın nazir namizədinin gizli dosyesi açıqlandı

Donald Trampın ABŞ-nin ədliyyə naziri vəzifəsində görmək istədiyi Mett Gets konqresmen olarkən cinsi əlaqə məqsədilə 17 yaşlı qıza pul ödəyib və qanunsuz narkotik vasitələrdən istifadə edib.

Dec 24, 2024 - 13:48
Trampın nazir namizədinin gizli dosyesi açıqlandı

SAVASHMEDİA.az “Azadlıq radiosu”na istinadən xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb. 

Telekanalın bu məlumatı yaymasına səbəb ABŞ Konqresinin Nümayəndələr Palatasının Etika Komitəsinin hesabatını araşdırması olub. Sənədə görə, Komitə Getsin Nümayəndələr Palatasının qaydalarını pozduğunun sübutlarını müəyyənləşdirib. 

“BBS” bildirib ki, hələ açıqlanmayan sənəddə seks və narkotiklərlə bağlı gecələrin və səyahətlərin keçirilməsinə dair ittihamlardan danışılır. 

“2017-ci ildən 2020-ci ilə qədər Gets qadınlara on minlərlə dollar ödəyib. Komitənin fikrincə, bu qadınların cinsi fəallıq, yaxud narkotik istifadəsi ilə əlaqədar olduqları ehtimal olunur”, - deyə hesabatda yazılıb. 

Gets ittihamları inkar edir və bunu istintaqı aparan şəxslərin ona nifrət etdikləri ilə əlaqələndirməyə çalışır. Eks-konqresmen 18 yaşından kiçik şəxslərlə cinsi əlaqədə olması xəbərini də təkzib edib. 

Bundan başqa, Gets qeyri-rəsmi şəxs olduğunu əsas gətirərək məhkəmədən hesabatın dərcinə müvəqqəti qadağa qoyulmasını istəyib. Onun fikrincə, sənədin dərci ona düzəldilməsi mümkün olmayan zərər vura bilər. 

Xatırladaq ki, ABŞ-nin seçilmiş prezidenti Donald Tramp noyabr ayında Qetsin namizədliyini ədliyyə naziri (ABŞ-də ədliyyə naziri həm də baş prokuror vəzifəsini icra edir – red.) vəzifəsinə irəli sürmüsdü. Bundan sonra Mett Gets konqresmen vəzifəsindən istefa verdi.

Bəzi respublikaçılar Mett Qetslə bağlı araşdırmanın aparıldığını əsas gətirərək onun namizədliyinə qarşı çıxdılar. Sonda keçmiş konqresmen əsliyyə naziri vəzifəsindən imtina etməli oldu. 

Xatirə SADİQ