İsveçin baş naziri Orbana macar tarixini xatırlatdı - “Sən isə Putinlə...”
İsveçin baş naziri Ulf Kristersson Ukrayna məsələsinə görə macar həmkarı Viktor Orbana müraciət edib.
SAVASHMEDİA.az xəbər verir ki, Kristersson öz məktubunu X sosial şəbəkəsində dərc edib.
İsveçli baş nazir xatırladıb ki, ölkəsi hər zaman çətin anlarda Macarıstanın yanında olub: 1944-cü ildə on minlərlə macar yəhudisinə vətəndaşlıq verməklə onları xilas edib, sovet ordusu 1956-cı ildə Macarıstan qiyamını yatırdıqda, İsveç macar qaçqınlarını qəbul edərək onlara mühacirətdə müxalifət yaratmağa imkan verib.
“1944 və 1956-cı illərdə olduğu kimi, biz rus tanklarının qəsb etməyə çalışdığı demokratik ölkələri dəstəkləyirik. O vaxt söhbət Macarıstandan gedirdi, bu gün –Ukraynadan. Əgər biz hərəkətə keçməsək, sabah başqa ölkə ola bilər. Ona görə də biz tez-tez son illərdə Macarıstanda baş verən hadisələrlə bağlı narahatlığımızı bildiririk. Macarıstan sonda azadlığa nail oldu, lakin azadlığı qorumaq lazımdır. Bax buna görə də 1956-cı ildə soydaşlarınızın azadlıq mübarizəsini yatırdan və bu gün qonşunuz Ukraynaya hücum edən ölkənin lideri ilə qəhvə içməyə gedəndə biz suallar veririk”, - deyə Kristersson vurğulayıb.
Kristersson eyni zamanda Orbana 2007-ci ildə dediyi sözləri xatırladıb və həmin sitatı paylaşıb.
O zaman Orban gənclərə Qərb tipli Macarıstanı dəstəkləməyə, ölkənin Qərb yolundan azmasına imkan verməməyə çağırmışdı. “Bu o deməkdir ki, biz insanların azad iradəsinə və Qərb mədəniyyətinin ayrılmaz hissəsi olan bir-birimizə qarşı götürdüyümüz qarşılıqlı məsuliyyətə inanırıq. Neft Şərqdən daxil ola bilər, amma azadlıq həmişə Qərbdən gəlir. Demokratiya isə yuxarıdan yönləndirilə bilməz. O yalnız insanların qəlbindən böyüyə bilər, beləliklə, həyatqabiliyyətli macar həyatı yarada bilər, - deyə Orban o zaman vurğulanışdı.
Xatirə SADİQ