Azad edilmiş siyasi məhbuslar pasportlarından məhrum olunub – Belarusda
Sentyabrın 11-də azad edilən belaruslu siyasi məhbusların vətəndən deportasiya edilməsindən öncə Belarus DTK zabitləri onların pasportlarını əllərindən alıblar.
SAVASHMEDİA.az “AzadlıqRadiosu”na istinadən xəbər verir ki, bu barədə Svetlana Tixanovskayanın ofisinin yaydığı məlumatda deyilir.
Məlumata görə, Belarus DTK-nın əməkdaşları anarxist Nikolay Dedokun pasportunu ümumiyyətlə cırıblar.
Azadlığa çıxan siyasi məhbuslara pasportlar əvəzinə yalnız tam şəxsiyyəti əlamətlərinə malik olmayan müvəqqəti A4 ölçülü kağızlar verilib.
“İnsanlar milli pasportlarından məhrum edilib və zorla deportasiya olunublar. Bu, təkcə insan ləyaqətinin kobud şəkildə alçaldılması deyil, həm də əsas insan hüquqlarının və beynəlxalq hüquq normalarının pozulmasıdır. Belarus Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı imzalamış ölkə kimi hərəkət azadlığını təmin etməyə və vətəndaşlıq hüququna hörmət etməyə borcludur”, - deyə Tixanovskayanın hüquqi məsələlər üzrə müşaviri Leonid Morozov vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidentinin xüsusi elçisi Kit Kelloqun müavini Con Koulun Minskə səfərindən və onun Aleksandr Lukaşenko ilə görüşündən sonra Belarus hakimiyyəti 14-ü xarici vətəndaş daxil olmaqla 52 siyasi məhbusu həbsdən azad edib. Onların hamısı Litvaya deportasiya edilməli idi, lakin azad edilənlərdən biri – Nikolay Statkeviç Belarusdan çıxmaqdan imtina edib. Onun harada olduğu bilinmir.
Xatirə SADİQ