Trampın qızına yaxtasında yay tətili bəxş edən türk iş adamı kimdir? - ABŞ qarışdı + FOTOLAR

ABŞ Prezidenti Donald Trampın qızı Tiffani Tramp və həyat yoldaşı Maykl Boulos yay tətilini Ağ dənizdə keçiriblər.

Sep 19, 2025 - 17:05
Sep 19, 2025 - 17:48
Trampın qızına yaxtasında yay tətili bəxş edən türk iş adamı kimdir? - ABŞ qarışdı + FOTOLAR

SAVASHMEDİA.az ABŞ mətbuatına istinadən xəbər verir ki, cütlük uzunmüddətli və lüks tətil üçün heç bir vəsait ödəməyiblər. 

Fotoda: Tiffani Tramp və Maykl Boulos

Egey dənizindən Aralıq dənizinin cənub sahillərinə qədər uzanan bu möhtəşəm tətilin bütün xərclərini türk iş adamı Ercüment Cafer Bayeqan və yunan iş adamı İoannis Papalekas qarşılayıb. Cütlük tətilin Türkiyə hissəsini Bayeqanın yaxtasında, Yunanıstan hissəsini isə Paplekasa məxsus malikanədə keçirib, onların hesabına yeyib-içiblər.

Fotoda: Ercüment Cafer Bayeqan və İoannis Papalekas

Mətbuat qeyd edir ki, Boulos-Tramp cütlüyünün istirahət etdiyi və türk iş adamı Bayeqana məxsus “Phoenix 2” adlı lüks yaxtda iki helikopter meydançası, üzgüçülük hovuzu və şəxsi hazırlanmış “Steinvay” model pianino var. Yaxtanın baş hissəsində alovlardan qalxan tuncdan hazırlanmış simurq quşu fiquru qoyulub. 

Fotoda: “Phoenix 2”

“Üzən saray” adlandırılan yaxta son illərdə kirayəyə verilməsə də, illər əvvəl bu məqsədlə istifadə edildikdə kirayəçilər bir həftə üçün 1,4 milyon dollar ödəyiblər. 

Boulosla Trampın tətilinin təxminən iyul ayında başladığı bilinsə də, onların yaxtada və Türkiyədə neçə gün qaldıqları ilə bağlı dəqiq məlumat yoxdur. Lakin gəmi izləmə saytları və sosial mediya qaynaqları onların yaxtada 17-27 iyul tarixlərində qaldığını göstərir.

Fotoda: Tiffani Tramp

Medianın yazdığına görə, cütlük yaxtada istirahət zamanı tək olublar. Yəni onlar buraya Ercüment Cafer Bayeqan- Rüya Bayeqan cütlüyünün bir neçə günlük qonağı kimi gəlməyiblər. Tiffani və Mayklın sözçüsü mətbuata açıqlamasında bu tətilin şəxsi və adi bir tətil olduğunu bildirsə də, işin içində başqa nüansların olduğu ortaya çıxıb. Belə ki, Trampın baş müşaviri Massad Boulos cütlüyün tətili vaxtı Liviyada danışıqlar aparıb.

Massad Boulos kimdir?

Massad Boulos Trampın kürəkəni Maykl Boulosun atasıdır. O, iyul ayında ABŞ Dövlət Departamentinin Afrika üzrə baş müşaviri kimi Liviyaya səfər edib. Liviyanın hökuməti liderləri  və energetika rəsmiləri görüşlər keçirib. Liviya rəsmiləri onu Trampın Liviya üzrə baş müşavirindən çox, “Trampın dostu” və “qayınata” kimi qəbul ediblər. 

Fotoda: Massad Boulos

Ona görüşlərdə “Əbu Tiffani”, yəni “Tiffaninin atası” kimi xitab ediblər. Massadla bağlı Amerikada da fikirlər fərqlidir. Belə ki, bəzilərinə görə ABŞ Dövlət Departamentinin Afrika üzrə baş müşaviri olsa da, çoxluq onu Tramp ailəsinin “Afrika təmsilçisi”adlandırır. Massad digər xüsusi nümayəndələr - Stiven Uitkof və Tom Barrak kimi siyasətçi deyil, partiya mənsubluğu yoxdur və dövlət qurumlarına tabe deyil. Onun Tramp hakimiyyətindəki mövqeyi də aydın deyil. Belə ki, o həm Ağ Evdə, həm də Xarici İşlər Nazirliyində vəzifəlidir. Lakin nə Ağ Ev, nə də XİN onun işlərinə müdaxilə edə bilir. Bunun da əsas səbəbi Boulosun artıq Tramp ailəsinin bir üzvü kimi qəbul edilməsidir.

Mətbuat qeyd edir ki, Boulos Liviyada neft sektoruna maraqlıdır. Bu məsələ ilə bağlı Dibeyba hökuməti ilə 70 milyard dollarlıq danışıq aparıb. Danışığın Liviya Baş naziri Dibeybanın villasındakı yemək zamanı aparıldığı bildirilir. Tramp Liviyaya investisiya qoymaqda maraqlıdır. Bu mənada Boulos Trampın Liviyadakı danışan dilidir. 

Fotoda: Massad Boulos və Donald Tramp

Bütün bunlara baxmayaraq, ABŞ-li diplomatlar, ABŞ-nin müttəfiqləri, hətta Trampın yaxın ətrafı da Boulosun Livan, Konqo, Liviya və Mərakeşdə apardığı diplomatiyadan narahatdır. Amerika hökumət rəsmiləri Boulosun siyasi cəhətdən həssas bölgələrdə diplomatik böhranlara səbəb olduğunu deyirlər. Bəzi yüksək vəzifəli məmurlar ona və oğlu Maykl Boulosa ailə biznesi ilə diplomatiya arasında sərhədi keçməmələri barədə xəbərdarlıq ediblər. Çünki oğul Boulos da Liviyaya xüsusi maraq göstərir və Liviyanın neft sənayesi ilə bağlı iş qurmağı düşünür.

Tətilin Yunanıstan hissəsi

Trampın qızı və kürəkəni daha sonra Türkiyədən Yunanıstana keçiblər. Tiffani anası, aktrisa Marla Mapleslə birgə yunan iş adamı İoannis Papalekasa məxsus “Le Grand Jardin” malikanəsində qalıb. Sözügedən malikanə bir vaxtlar kral Fransa XIV Lüdovikin evi olub. Bu malikanənin həftəlik kirayəsi 290 min dollardır. 

Fotoda: “Le Grand Jardin” 

Trampın qızı, keçmiş xanımı və kürəkəninin “Le Grand Jardin”də də nə qədər qaldığı bilinmir. Lakin iyulun 24-də Massad Boulos Liviya rəsmiləri ilə neft hasilatının artırılmasını müzakirə etdikdən bir gün sonra Tiffani Tramp həyat yoldaşı Maykl Boulosun Monako Yaxta Klubunda “Phoenix 2”nin göyərtəsində çəkdiyi şəklini paylaşıb. Bəzi məlumatlara görə, Tiffani Tramp lüks malikanədə dincələrkən həyat yoldaşı Maykl Boulas da atası ilə birgə Liviya hökuməti ilə aparılan danışıqlarda olub.

Tramp qınadığı Baydenin yolu ilə 

Tiffani Tramp və həyat yoldaşı Maykl Boulos dövlətdə heç bir vəzifə tutmurlar. Lakin onlar səyahətləri bitəndən sonra Britaniyaya rəsmi səfərə yollanıblar. Trampın Britaniya səfəri zamanı Vindzor qəsrində verilən ziyafətdə Amerika nümayəndə heyətinin tərkibində olublar. Əslində bir diplomatın ailəsinin Amerikanın xarici siyasətinə fayda verə biləcək şəxslərin yaxtalarında səyahət etməsi ABŞ qanunlarına zidd deyil. Lakin Donald Tramp eyni məsələyə görə illərlə Co Baydeni tənqid edib. Oğul Hanter Baydeni hakimiyyətə yaxınlığından qazanc əldə etməkdə ittiham edib.

Fotoda: Co Bayden və Hanter Bayden

 Özü ikinci dəfə prezident seçiləndən sonra isə öz ailəsinin demək olar ki, bütün üzvləri Amerika diplomatiyasının mərkəzində olan xarici hökumətlər və şirkətlərlə iş görməyə başlayıblar.

Ercüment Cafer Bayeqan kimdir?

Ercüment Cafer Bayeqan Türkiyənin tanınmış iş adamlarındandır.

Karyerasına kimya sənayesində başlayan Bayeqan hazırda neft-kimya sənayesində fəaliyyət göstərən, qlobal təchizat, marketinq, satış və distribütor fəaliyyətini həyata keçirən BAYEQAN Holdinqin idarə heyətinin sədridir. Bayeqanlar Liviya neftinin ən böyük brokerlərindəndir.

Vəsilə İbrahim