Aİ-nin 19-cu sanksiyalar paketi açıqlandı

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin bir hissəsi olaraq, 2027-ci il yanvarın 1-dək Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) öz ərazisinə idxalını qadağan edir.

Sep 19, 2025 - 17:09
Aİ-nin 19-cu sanksiyalar paketi açıqlandı

SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas açıqlayıb.

“Rusiyanın hərbi iqtisadiyyatı faydalı yanacaq gəlirlərinə əsaslanır. Biz bu gəlirləri azaltmaq istəyirik. Ona görə də biz Rusiya LNG-nin Avropa bazarlarına idxalına qadağa qoyuruq. Kranı bağlamağın vaxtıdır. Biz buna hazırıq”, - deyə fon der Lyayen vurğulayıb.

O, qeyd edib ki, Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiya paketi “kölgə donanması”na və Çin şirkətlərinə də toxunacaq. Belə ki, sanksiya siyahısına Rusiyanın “kölgə donanması”ndan 118 gəmi daxil edilib və onların sayı artıq 560-a çatıb.

Bundan başqa, Aİ neftin qiymətinin tavanını 47,6 dollara endirir və Rusiyaya sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkə şirkətlərinə, o cümlədən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib.

Onun sözlərinə görə, Rusiyada və üçüncü ölkələrdə bəzi banklar üçün əməliyyatlara qadağa tətbiq edilir. “Rosneft” və “Qazpromneft” tam əməliyyat qadağasına məruz qalır. Məhdudlaşdırıcı tədbirlər kriptovalyuta platformalarına və qadağan olunmuş kriptovalyuta əməliyyatlarına təsir edəcək.

Döyüş meydanında istifadə olunan malların və texnologiyaların birbaşa ixracına yeni məhdudiyyətlər tətbiq edilir. Bu məsələyə görə Rusiya və digər ölkələrdən 45 şirkət sanksiya altına düşüb.

Xatirə SADİQ