Rusiya üzərində 791 dron vuruldu - Moskva və Rostova genişmiqyaslı hücum
Ukrayna Silahlı Qüvvələrinin avqustun 18-nə keçən gecə Rusiyaya həyata keçirdiyi dron həmləsi ilin ən kütləvi hücumlarından biri olub.
SAVASHMEDIA.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin müxtəlif bölgələri üzərində ümumilikdə 791 pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, avqustun 17-si axşam saatlarından avqustun 18-i səhərədək Moskva istiqamətində uçan 620 dron qeydə alınıb. Onlardan 180-i Moskva vilayəti ərazisində vurulub. Moskva vilayəti üzərində ümumilikdə 150-dən çox PUA-nın məhv edildiyi bildirilib.
Hücum nəticəsində Moskva vilayətində, 10 yaşlı uşaq da daxil olmaqla, 3 nəfərin xəsarət aldığı açıqlanıb. Boqorodsk dairəsində yerləşən “Wildberries” anbarında isə yanğın baş verib.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar regionun yeddi rayonunda 80-dən çox dronun məhv edildiyini bildirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, hücum Belqorod, Bryansk, Vladimir, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan, Tambov, Tula, Moskva və Krasnodar vilayətlərini, həmçinin işğal olunmuş Krım, Azov və Qara dənizləri əhatə edib.
Qeyd edək ki, avqustun 16-da Rusiyada 822 PUA-nın zərərsizləşdirildiyi açıqlanmışdı. Bu, 2026-cı ilin əvvəlindən bəri ən kütləvi dron hücumu kimi qiymətləndirilir.
Səlcuq