"Trampın seçilməsi Azərbaycanda dolların..." - İqtisadçıdan HƏYƏCAN TƏBİLİ
Xəbər verdiyimiz kimi, Donald Tramp ABŞ-də keçirilən prezident seçkilərini qalib olaraq tamamlayıb.
Bu, iş adamının ikinci prezidentlik dönəmi olacaq. Hazırda dünya mediasında ən çox respublikaçı namizədin qalib gəlməsi müzakirə olunur. Bəzi siyasi analtiklar Trampın yeni dünya düzəni formalaşdıracağını iddia edirlər. Ən çox diqqət edilən məqamlardan biri də dolların məzənnəsi ilə bağlıdır.
Hazırda ölkə mətbuatında da dolların məzənnəsi ilə bağlı iddialar səslənir. Bir qrup insan adıçəkilən valyutanın bahalaşacağını bildirsə də, bəziləri də bunun əksini söyləyir.
Bəs görəsən, bu proses necə tənzimlənir?
Mövzu ilə bağlı SAVASHMEDİA.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, iqtisadi sahələrdə olan dəyişikliklərin günlük dəyərləndirilməsi doğru deyil:
Natiq Cəfərli
"Donald Trampın qələbəsi dolları gücləndirdi, amma onun komandası buna qarşıdır. Düşünürəm ki, dünyada dollar indeksinin aşağı düşməsinə səbəb olacaq addımlar atılacaq. İqtisadi nəzəriyyəyə görə, ucuz valyuta ixracatı stimullaşdırır. Tramp və komandasının əsas məqsədi ABŞ-də istehsalı artırmaqdır. Onlar bir çox yerli şirkəti geri qaytarmaq istəyəcəklər. ABŞ-nin əvvəlki gücünü bərpa etmək niyyətindədirlər. Bu çərçivədən baxsaq, orta və uzun perspektivdə dollar indeksinin ucuzlaşması ehtimalı kifayət qədər yüksəkdir".
Ekspert bunun dolayı da olsa, Azərbaycana mənfi təsir edəcəyini qeyd edib:
"Ancaq bu ucuzlaşmanı Azərbaycana aid etmək olmaz. Çünki ölkədə manatın məzənnəsi bazar iqtisadiyyatı ilə tənzimlənmir. Bu, inzibati qaydada həyata keçirilir. Prosesin ölkəmizə birbaşa təsiri olmayacaq. Amma dolayı yolla baş verə bilər. Çünki Tramp və komandası ucuz enerji daşıyıcıları siyasəti yürütməyə çalışacaq. Bu da o deməkdir ki, yaxın vaxtlarda neft və qazın qiymətində nəzərəçarpacaq dərəcədə enmə müşahidə oluna bilər. Təbii ki, bu amil ölkənin gəlirlərinə mənfi təsir edəcək".
Səlcuq