“Trampın sifətini görmək istəmirəm” - “Titanik”in rejissoru ABŞ-dən köçdü
Tanınmış amerikalı kinorejissor Ceyms Kemeron bu yaxınlarda Yeni Zelandiya vətəndaşı olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Yeni Zelandiyanın “Stuff” nəşrinə müsahibəsində 70 yaşlı kinorejissor deyib ki, Donald Trampın yenidən ABŞ prezidenti seçilməsindən sonra Yeni Zelandiyanın vətəndaşlığını aldığına görə özünü rahat hiss edir.
O hesab edir ki, Trampın rəhbərliyi altında olan Amerika ləyaqətli olan hər şeyə arxa çevirir.
“Düşünürəm ki, bu, dəhşətlidir, məncə, dəhşətlidir... Mən bunu layiqli olan hər şeydən uzaqlaşmaq kimi görürəm. Amerika tarixən müdafiə etdiklərini dəstəkləmirsə, heç nəyə dəymir. Bu, boş ideyaya çevrilir və düşünürəm ki, onlar öz mənfəətləri üçün tarixi idealdan mümkün qədər tez qurtulmağa çalışırlar”, - Kemeron vurğulayıb.
Kemeron qeyd edib ki, Yeni Zelandiyada özünü daha təhlükəsiz hiss etdiyindən əmin deyil:
“Amma əlbəttə, hər gün onu birinci səhifədə oxumaq məcburiyyətində deyiləm. Yeni Zelandiya qəzetlərində yaxşı bir şey var – heç olmasa, üçüncü səhifəyə qoyurlar... Mən sadəcə o oğlanın (red: Trampın) sifətini daha qəzetin birinci səhifəsində görmək istəmirəm. ABŞ-də qaçılmazdır, bu, təkrar-təkrar avtomobil qəzasını müşahidə etmək kimidir”.
Ceyms Kemeron bildirib ki, Yeni Zelandiya vətəndaşı olması qaçılmaz olub və bu, çox şey ifadə edir:
“Ailəni tərk edib harasa köçəcəksənsə, sərmayə qoymalısan, bunun bir parçası olmalısan, cəmiyyətdə mövqe qazanmalısan. Sadəcə olaraq düşünürəm ki, sən bu yerdə yaşamaq haqqını qazanmalısan”.
“Titanik”, “Avatar” və digər məşhur filmlərin rejissoru olan Kemeron 2012-ci ildən Cənubi Vairarapada böyük süd fermasının sahibdir. O, çoxdan Yeni Zelandiyaya daimi köçmək planlarını dilə gətirib.
Xatirə SADİQ