“Trampın yalançı olması yeni xəbər deyil” – amerikalı senator

Dünən biz Ukraynanın müstəqilliyinə və demokratiyasına zərbə vurmaq üçün ABŞ prezidentinin Rusiyanın diktatoru Vladimir Putinlə birləşdiyini gördük.

Feb 20, 2025 - 13:00
“Trampın yalançı olması yeni xəbər deyil” – amerikalı senator

“Amerika xalqı indi Amerika tarixində çox kədərli bir məqamın şahidi olur, çünki prezident Donald Tramp anlayışları dəyişdirir, Ukrayna və Avropa haqqında yalan danışır, eləcə də işğalçı ölkənin başçısı Vladimir Putinin tərəfinə keçir”.

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ senator Berni Sandersin “YouTube” platformasında çıxışı yayılıb. 

“Dünən biz Ukraynanın müstəqilliyinə və demokratiyasına zərbə vurmaq üçün ABŞ prezidentinin Rusiyanın diktatoru Vladimir Putinlə birləşdiyini gördük. Gəlin açıq danışaq: Tramp bizə göstərir ki, o, dünyanın ən qəddar diktatorlarından birini özünün dostu, bizim Avropadakı çoxdankı demokrat müttəfiqlərimizi isə öz düşməni kimi görür. O, avtoritar rejimlər və oliqarxlar üçün təhlükəsiz, demokratiya üçün isə son dərəcə təhlükəli dünya istəyir. Mən sizə Trampın yalan danışdığını (o, tez-tez bunu edir) deyəndə, yəqin ki, təəccüblənməyəcəksiniz”, - deyə Sanders vurğulayıb.
 
Senator amerikalı prezidentin Ukraynanın müharibəyə başladığı iddiasını yalan adlandırıb: “Dünən Tramp dedi ki, Ukrayna müharibəyə başlayıb. Bu, doğru deyil. Rusiya Ukraynaya iki dəfə təcavüz edib: əvvəlcə 2014-cü ildə, sonra isə yenidən 2022-ci ildə. Rusiya hazırda Ukrayna ərazisinin təxminən 20%-ni işğal edib. Putinin dəhşətli işğalından sonra bir milyondan çox insan həlak olub və ya yaralanıb”.

O, diqqətə çatdırıb ki, məhz Rusiya hər gün yüzlərlə raket və pilotsuz təyyarələrlə Ukrayna şəhərlərini atəşə tutmağa davam edir: “Putinin qüvvələri dinc sakinləri öldürür və minlərlə ukraynalı uşağı oğurlayır, onları Rusiyanın “yenidən tərbiyələndirmək” düşərgələrinə aparır”.

Senator xatırladıb ki, bu vəhşiliklərə görə Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ildə hərbi cinayətkar kimi Putinin həbsinə order verib.

“Sonra Tramp Ukrayna prezidenti Zelenskini diktator adlandırdı. Bu da doğru deyil. Zelenski azad seçkilərdə səslərin 75 faizini qazandı. Və o, əslində Trampdan daha yüksək reytinqə malikdir”, - deyə Sanders bildirib.

Sanders onu da qeyd edib ki, amansız müharibə şəraitində Ukrayna parlamenti fəaliyyətini davam etdirir və orada azad və məhdudiyyətsiz siyasi debatlar gedir.

“Tramp iddia etdi ki, bizim avropalı müttəfiqlərimiz Ukraynaya Putinin işğalına qarşı mübarizədə dəstək vermək üçün çox az iş görüblər. O, ABŞ-nin Avropadan üç dəfə çox töhfə verdiyini söylədi. Amma bu da digər yalandır. Əslində, Avropa Ukraynaya ABŞ-dən daha çox yardım edib”, - deyə senator bildirib.

Sanders hesab edir ki, məsələ təkcə Trampın yalan danışmasında deyil, çünki onun yalançı olması yeni xəbər deyil. İndi əsas məsələ ABŞ prezidentinin ölkəni məhz hansı istiqamətə aparmaq istəyidir.

“Bütün bunlar onun ölkəmizi və əslində dünyanı hara aparmaq istədiyinin sübutudur. Tramp Vladimir Putinlə rahat danışır. Bəs Putin kimdir? Və Putin necə dünya qurmaq istəyir? Putin “soyuq müharibə” bitdikdən sonra Rusiyanın demokratiyaya doğru hərəkatını boğan diktatordur. Rusiyanın hər altı ildən bir keçirdiyi saxta seçkilərdə Putin 90% səs “alır” və hakimiyyət hətta saxtakarlığı gizlətməyə belə çalışmır”, - deyə amerikalı senator xatırladıb. 

Senator yada salıb ki, Putin Rusiyasında söz və media azadlığı yoxdur, etirazlar qəddarlıqla yatırılır, on minlərlə insan təqibə məruz qalır və həbsxanaya salınır, bəziləri isə Aleksey Navalnı kimi öldürülür.

Xatirə SADİQ