"Turan" azarkeşlərinə səhv çatdırıblar, elə şey olmayıb - "Tovuzluları sevirəm" açıqlaması
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunda 1/2 finalın cavab görüşündə "Turan Tovuz"la baş tutan matçdan (0:0) sonra bəzi məsələlərə aydınlıq gətirib.
Rəşad Sadıqov "Turan"ı doğma komandası saydığını, tovuzluları isə çox sevdiyini deyib.
"Peşəkar karyeramda ilk addımlarımı orada atmışam. Köhnə azarkeşlər bilir ki, "Turan"a transfer olanda mənə 3 ay oynamağa imkan vermədilər. Fuad Musayev deyirdi ki, "Şəfa"da oynamalısan. Vidadi Əhmədovla, Kazbek Tuayevlə də danışsanız, deyərlər. Dedim ki, "Turan"da oynayacağam. Şəhəri də, azarkeşləri də çox sevmişdim. Üç ay sonra oynamağa icazə verdilər. Hər zaman demişəm ki, milliyə "Turan"dan düşmüşəm. O klubun mənə etdiyi yaxşılıqları unuda bilmirəm. Azarkeşlərə gəldikdə, araşdırma apardım. Bildim ki, mənimlə bağlı nəyə məyus olublar".
"Zirə"nin baş məşqçisi "Turan Tovuz" azarkeşləri ilə aralarındakı anlaşılmazlığı aşağıdakı kimi izah edib:
"Şamaxı" - "Turan Tovuz" oyununda 75-ci dəqiqədə epizod var idi. Oyunu tribunada izləyirdim. Orada "Turan Tovuz" rəhbərliyi də var idi. Hamı ilə görüşdüm. "Şamaxı" rəhbərliyi də orada idi. Mən ora rəqibi təhlil etməyə getmişəm. "Turan Tovuz" azarkeşləri sol tərəfdə idilər. Onlar mənim əyləşdiyim yeri görmüdülər, danışılanları eşitmirdilər. Deyirlər ki, guya mən penalti epzioduna sevinmşəm. Halbuki "Şamaxı" rəhbərliyinə də dedim ki, penalti deyil. "Turan Tovuz"un fanatları onu eşidiblər. Onunla bağlı etirazlar var ki, Rəşad penaltiyə sevinirdi. Maraqlıdır ki, bunu "Turan Tovuz" azarkeşlərinə o formada kim çatdırıb? Tovuza gedəndə öz evimə gedirmiş kimi hiss edirəm. Çoxu məni tovuzlu kimi tanıyır. Azarkeşləri kim yanlış istiqamətləndiribsə, düz etməyib. Sevinsəydim, deyərdim ki, ola bilsin sevinmişəm. Amma bu, mümkün deyil. Qəlblərində bilsinlər ki, "Turan Tovuz"a qarşı heç vaxt hörmətsizliyim olmayıb".
Səlcuq