"Turan Tovuz"un Avropa yolu açılır - İsveçrədən XOŞ XƏBƏR
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə vəsiqə qazanmış "Turan Tovuz"un avrokuboklardan kənarda qala biləcəyi ilə bağlı narahatlıqlar arxada qala bilər.
SAVASHMEDİA.az-ın əldə etdiyi məlumata görə, İsveçrənin Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsində (CAS) "Turan Tovuz"la bağlı araşdırmalar yekunlaşmaq üzrədir.
Məlumatlı mənbələrin bildirdiyinə görə, məhkəmənin klubun lehinə qərar verməsi gözlənilir. Bu halda Tovuz təmsilçisinin UEFA Konfrans Liqasındakı iştirakı tam şəkildə təsdiqlənəcək.
Xatırladaq ki, UEFA-nın 2019-cu ildə AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərarı əsas götürərək "Turan Tovuz"un avrokuboklarda iştirak hüququna məhdudiyyət qoya biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Həmin vaxt I Divizionda çıxış edən bəzi klubların futbolçuları oyun nəticələrinin manipulyasiyasında iştirak etdiklərinə görə cəzalandırılmış, "Turan Tovuz"un da yeddi futbolçusunun təqsiri sübuta yetirilərək onların futbolla bağlı fəaliyyətinə qadağa qoyulmuşdu.
Vəziyyətin ciddiliyini nəzərə alan klub rəhbərliyi məsələ ilə bağlı İsveçrənin Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib və avrokuboklarda iştirak hüququnu qorumaq üçün hüquqi mübarizəyə başlayıb.
Məlumata görə, məhkəmə prosesində "Turan Tovuz"un dadına çatan əsas arqumentlərdən biri cəzaların konkret futbolçulara tətbiq edilməsi olub. Belə ki, həmin dövrdə klubun özü yarışlardan kənarlaşdırılmayıb və oyun manipulyasiyasında birbaşa iştirak etdiyi sübuta yetirilməyib. Hadisələrə görə məsuliyyət daşıyan şəxslər cəzalandırılıb.
Bundan başqa, son illərdə "Turan Tovuz"un adı heç bir yeni danışılmış oyun qalmaqalında hallanmayıb və klub UEFA tərəfindən hər hansı əlavə sanksiya ilə üzləşməyib.
Məlumata görə, CAS-da formalaşan mövqe "Turan Tovuz" üçün müsbətdir və yekun qərarın isə ya sabah, ya da iyunun 4-də elan olunacağı gözlənilir.
Oğuz