UEFA “Turan Tovuz”la bağlı qərarını rəsmi saytda yayımladı - FOTO

UEFA-nın “Turan Tovuz”la bağlı qərarı sosial mediada yayıldıqdan sonra rəsmi mənbələrdə dərhal görünməyib.

Jun 3, 2026 - 13:44
UEFA “Turan Tovuz”la bağlı qərarını rəsmi saytda yayımladı - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, idman jurnalisti Kənan Məstəliyevin paylaşımına görə, o, əvvəlcə məlumatı klubun açıqlamasından öyrənib, daha sonra isə UEFA-nın rəsmi saytında həmin qərarı axtarıb, lakin sənədi tapa bilməyib.

Məstəliyev bildirib ki, bununla bağlı UEFA-ya sorğu ünvanlayıb:

“Yazdım UEFA-ya ki, ‘bəs qərar varsa, niyə saytda yoxdur?’. Yarım saatdan sonra qərarı sayta qoyub linkini mənə göndərdilər”.

Qurumun daha sonra rəsmi platformasında yerləşdirdiyi qərarın məzmunu isə kifayət qədər sərtdir.

Qərarda bildirilir ki, Azərbaycan klubu 2026/2027 mövsümündə UEFA Konfrans Liqasında iştirak hüququndan məhrum edilib.

Sənəddə qeyd olunur ki, 2 iyun 2026-cı il tarixində UEFA Apellyasiya Orqanının sədri tərəfindən qəbul edilən qərar “Turan Tovuz”un UEFA-nın qəbul meyarlarını yerinə yetirməməsi ilə bağlıdır. Səbəb kimi isə klubun milli və ya beynəlxalq səviyyədə matçların təşkili və ya nəticəsinə təsir göstərməyə yönəlmiş fəaliyyətdə birbaşa və ya dolayı iştirak etdiyi göstərilir.

Qərar UEFA Konfrans Liqasının əsasnaməsinin 4.01(g) maddəsinə əsaslanır.

Beləliklə, qərarın rəsmiləşməsi ilə “Turan Tovuz”un Avropa arenasındakı perspektivi ciddi şəkildə sual altına düşüb.